Muzey əməkdaşları Tatarıstanda keçirilən Beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər - FOTO
20-22 noyabr tarixlərində 2019-cu il AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, “Silahlar və bayraqlar” Fondunun müdiri, t.ü.f.d., dos. Sevinc Vahabova və “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova Tatarıstan Respublikasının Bulqar şəhərində keçirilmiş “Milli ilahiyyat məktəbinin yaranması və inkişafı kontekstində islamşünaslıq tədqiqatları təcrübəsi” Beynəlxalq elmi-praktiki konfransında məruzəçi qismində iştirak ediblər.
2017-ci ildən fəaliyyət göstərən Bulqar İslam Akademiyasında Rusiya və 120 xarici ölkədən (Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Kuveyt, Bəhreyn, Marokko krallığı, Livan, Bəhreyn, Fransa, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Başqırdıstan və s.) olan tanınmış dövlət xadimləri, ilahiyyatçılar, dinşünasların iştirakı ilə baş tutan Konfransın keçirilməsində məqsəd - dini və tədris müəssisələrində islamşünaslıq və d. ilahiyyat problemlərinin ətraflı müzakirəsini təşkil edərək sülh və mənəvi ruhaniyyət mühiti yaratmaq, dünya xalqlarının ənənələrini və milli-mənəvi təcrübələrini qorumaqla müasir elmi layihələr hazırlamaqdır.
Müqəddəs Qurani-Kərim ayələrinin oxunması ilə başlayan Konfransın açılış mərasimində – Rusiya İslam Universitetinin prorektoru Rinat Kalimullin (Rusiya, Ufa), RF müsəlmanlarının Şimal-qərb Federal Dairəsinin Ruhani İdarəsinin sədrinin nümayəndəsi Dəmir Xusainov (Rusiya, Sankt-Peterburq), Federal Agentliyin milliyyətçilik işləri üzrə İdarəsinin məsləhətçisi Renat Vaqapov (Rusiya, Moskva), Özbəkistan Respublikası Prezidenti İdarəsinin ictimai və dini təşkilatlarla əlaqələr üzrə aparıcı məsləhətçisi Cəsur Nəcimitdinov (Özbəkistan, Daşkənd), Rusiyadakı Ümumdünya İslam liqasının direktoru Əhməd Əl-Yusif (Rusiya, Moskva), MDU-nin direktor müavini Dilarə Solodovnik (Rusiya, Moskva), Qazan Federal Universitetinin Beynəlxalq əlaqələr İnstitutunun direktoru Ramil Xayrutdinov (Rusiya, Qazan), “Saduakas İlmani” məscidinin baş imamı Esmaxan Bauırcan (Qazaxstan, Nur-Sultan), Özbəkistanın Beynəlxalq İslam Akademiyasının rektoru Şuxrat Yevkoçev (Özbəkistan, Daşkənd), Bəhreyn Baş şəriət məhkəməsinin sədri İbrahim əl-Mərayhi (Bəhreyn, Manama), Başqırdıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Aynur Birqalin (Rusiya, Ufa) və b. çıxışları dinlənildi.
30-dan artıq alimin iştirak etdiyi “Rusiya və beynəlxalq təcrübədə islamşünaslıq tədqiqatları” adlı bölmədə “Azərbaycanın müsəlman elm və təhsil xadimlərinin Xilafətin mədəni mərkəzlərində fəaliyyəti” məruzəsi ilə çıxış edən muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva iştirakçıları ərəb dilində salamladı və konfransın işində müvəffəqiyyətlər arzu etdi. Orta əsrlərdə elm məclislərinin təşkil edildiyini vurğulayan məruzəçi, həmin dövrdə elm dilinin ərəb dili olduğuna diqqəti çəkərək, həqiqəti üzə çıxarmaq məqsədilə müxtəlif diskussiyaların təşkil edildiyini söylədi. Nərgiz xanım Əliyeva orta əsr ərəb müəllifləri – əs-Səmani 120, İbn Makula 60, əs-Siləfinin 30-dan artıq azərbaycanlı ziyalılar əsasında olan məlumatlarına istinadlanaraq, Xilafət alimlərinin azərbaycanlı alimlərlə elmi əlaqələrini şərh edərək, belə alimlərin Xilafət mədəniyyət mərkəzində xüsusi ehtiram sahibi olduğunu vurğuladı. Mənbələr üzərində apardığı tədqiqatlar, müqayisələr və təhlillərə əsaslanan Nərgiz xanım, ərəb müəlliflərinin azərbaycanlı alimlərə hansı cəhətlərinə görə müsbət qiymət verdiklərini qeyd etdi.
“İslamşünaslıq və İslam ilahiyyatı: tarix və inkişaf perspektivləri” adlı bölmədə “Silahlar və bayraqlar” Fondunun müdiri, t.ü.f.d., dos. Sevinc Vahabova və “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova məruzələrini təqdim etdilər.
“Türk xalqlarının silahsazlıq ənənələrinə İslamın təsiri” adlı məruzədə t.ü.f.d., dos. Sevinc Vahabova muzeyin “Silahlar və bayraqlar” Fondunda qorunan bəzi Azərbaycan xanlıqları (Bakı, İrəvan, Şəki və s.) bayraqları, son orta əsr silahları, müdafiə yaraqları üzərindəki yazı nümunələri, islami elementlərə istinadən uyğun dövrün sənətkarlığı və ictimai həyatı barədə məlumat təqdim etdi.
“Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan Cuçi sikkələrindən ibarət dəfinələr islamşünaslığın faktiki mənbəyi kimi” adlı məruzə ilə çıxış edən t.ü.f.d. Aygün Məmmədova muzeyin Numizmatika fondunda qorunan XIII əsrin II yarısı – XV əsrin sonuna aid sikkələr və numizmatik tədqiqatlara istinadən, uyğun dövrün Qızıl Orda və Azərbaycan zərbxanaları, həmçinin pul təsərrüfatı barədə məlumat verdi.
Aygün Məmmədova Bulqar İslam Akademiyasının tədris işləri üzrə prorektoru Aleksey Petrova Milli Azərbaycan Tarixi Muzeyinin elmi nəşrlərini hədiyyə etmişdir.
“Milli ilahiyyat məktəbinin yaranması kontekstində islamşünaslığın rolu və yeri” və “Tədris kontekstində dinlərarası dialoq” adlı digər iki bölmədə də konfransın işi davam etdirilmişdir.
Konfrans iştirakçıları Bulqar İslam Akademiyasının müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən Məhəmməd Peyğəmbərin həyat və fəaliyyətinə həsr edilmiş Yarışmada iştirak etmiş, tamaşaçılara verilən sualları cavablandırmışlar.
Həmçinin konfrans iştirakçıları Bulqar İslam Akademiyası yaxınlığındakı Ağ Məscidi ziyarət etmiş, Bulqar sivilizasiyası Muzeyi və Bulqar Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna daxil olan abidələrə (sufi xanəgahları və türbələri, Qara, Qırmızı, Ağ palatalar, məscid və kilsə kompleksi, tatarstanlı arxeoloqların zəhməti ilə aşkarlanmış Xan türbəsi, Britankino və Rabiqa gölləri, Kapitan quyusu, “Ağa Bazar” və d.) olan ekskursiya nəticəsində zəngin məlumatlar əldə etmişlər.
922-ci ildən Volqa Bulqariyasında İslamın dövlət dini olaraq qəbul olunması münasibətilə xatirə nişanı olaraq fəaliyyət göstərən, Tatarstan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində olan Quran Muzeyində nümayiş etdirilən, İtaliya ustalarının zəhməti ilə ərsəyə gələn iri həcmli və ölçülü, üz qabığında qiymətli metallar və zəngin daşlar olan Quran kitabı konfrans iştirakçılarında unudulmaz təəssüratlarla yadda qalmışdır.
Konfrans məruzələrinin topluda çap edilməsi nəzərdə tutulmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB