"Xalq Sizi dəstəkləyir" - MÜRACİƏT

"Xalq Sizi dəstəkləyir" - MÜRACİƏT

"91-lər"in bir qrup üzvü ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb

"91-lər"in bir qrup üzvü ölkə Prezidenti İlham Əliyevə "Xalq Sizi dəstəkləyir" adlı müraciət ünvanlayıb. Xatırladaq ki, Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da "Səs" qəzeti vasitəsilə Dahi Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti ünvanlamışdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə 1992-ci il oktyabrın 24-də "Yeni, müstəqil Azərbaycan uğurunda" cavabında ziyalıların müraciətində qaldırılan məsələlərə özünün inamını ifadə etmişdir. Əgər o zaman "91-lər" Ulu Öndər Heydər Əliyevə müraciətlərində ölkəni düşdüyü ağır, böhranlı vəziyyətdən çıxarmağı xahiş edirdilərsə, bu gün bir qrup ziyalının Prezident İlham Əliyevə ünvanladığı müraciətində, aparılan düzgün, məqsədyönlü siyasətin birmənalı şəkildə dəstəkləndiyi və hər zaman Onun arxasında duracaqları qeyd olunub. Müraciəti olduğu kimi qeyd edirik.

Azərbaycan Respublikasının Prezidenti

Zati-Aliləri Cənab İLHAM ƏLİYEVƏ

Möhtərəm Cənab Prezident,

Əziz Sədrimiz!

Biz - Yeni Azərbaycan Partiyasının yaradılması üçün Ulu Öndərimizə müraciət edən, "91-lər"in bir qrupu bu gün Sizə - doğma partiyamızın Sədrinə, Azərbaycan Respublikasının Prezidentinə üz tutur, Sizin şəxsinizdə bütün xalqımıza müraciət edirik:

Son illər Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar və səmərəli siyasi fəaliyyəti, müdrik rəhbərliyi, xalqımızın yorulmaz əməksevərliyi sayəsində gündən-günə inkişaf edən, daim çiçəklənən ölkəmizin nəhəng uğurları bəzi üzdəniraq adamların dincliyini pozmuş və yuxusunu qaçırmışdır. Bəziləri xəbislikdən, xüsusi ilə paxıllıqdan xarici ölkələrə sığınmış, orada da çirkin əməllərini davam etdirərək böhtanla və siyasi avantüra ilə məşğul olaraq Azərbaycanımızı və onun rəhbərlərini şərləmək, gözdən salmaq yolunu tutmuşlar. Biz həmin şəxslərə və onlara buradan fitva verən bəzi nankor havadarlarına ölkəmizin ab-havasını, vətən torpağının müqəddəsliyini haram bilir, və uca səslə "Ar olsun" deyirik!

Onu da vurğulayırıq ki, həmin bəd xislətli ünsürlər, xaricdəki vətən satqınları da gec-tez öz cəzalarına çatacaqlar. Ulu Tanrının özü onları cəzalandıracaqdır! Bununla belə, biz bu məqamlarda öz haqq səsimizi ucaltmağı özümüzə vətəndaşlıq borcu bilirik.

Ulu Öndərin silahdaşları "91-lər" və bizimlə bərabər yüz minlərlə Yeni Azərbaycanlılar burada və Avropaya sığınan "söyüş müxalifəti"nə (əsl müxalifət obyektiv, ədalətli olar, şərə, böhtana əl atmaz) iki böyük rus ədibi - M.Qorki ilə A.Çexov arasında olan bir söhbəti nümunə göstərmək istəyirik. Qoy onlar iki böyük ədib arasında olmuş bu dialoqdan ibrət götürsünlər.

Bir gün evdə öz çarpayısında xəstə yatan A.Çexova M.Qorki baş çəkməyə gedir. Söhbət əsnasında M.Qorki A.Çexova deyir: "Anton Pavloviç, bəzi mətbuat səhifələrində Sizi yaman tənqid və təhqir edirlər". A.Çexov halını pozmadan: "Maksim Maksimoviç, mən onları bilirsiniz nəyə bənzədirəm?" "Nəyə?"- deyə M.Qorki maraq içində soruşur. "Ucsuz-bucaqsız, bərəkətli tarlada işləyib şum çıxardan, zəhmət təri tökən bir köhlən atın uzərinə qonan murdar milçəklərə. Mənim əsərlərim, yazıb-yaratdıqlarım əsrlərlə yaşayacaqdır, elə mığmığalar və milçəklər isə gəldi-gedərdi. Onların son yerləri tarixin tullantılarla dolu üfunətli zibil qutuları olacaqdır". M.Qurki böyük dostunun-nəhəng ədib A.Çexovun müdrik cavabına məmnunluqla gülümsəyir...

Dahi rus ədibinin bu sözləri ölkəmizin böyük inkişafına böhtan, çirkab dolu nəzərlərlə baxan, nadürüstcəsinə su bulandırıb, ov ovlamaq istəyən bir para ünsürlərin əməllərinə necə də uyğun gəlir!

Özlərində xalq adamı brendini yaratmaq xülyasına düşən bu millət "qayğıkeş"lərinə, antimilli qruplara qoşulan bəzi həmvətənlərimizə demək istəyirik ki, adlarını çəkdiyimiz bu kəslər və onların ardınca düşənlər, artıq həyatın real səhnəsində çoxdan autsayderə çevrilən primitiv və sönmüş siyasi obrazlardır.

Onu da qeyd etmək yerinə düşər ki, hələ partiyamızın ilk yarandığı dövrdə Ümummilli Liderimiz Heydər Əliyevə qarşı qoyulan yaş senzi məsələsi gündəmə gələndə, bizlər də mitinqlər keçirmişik. O zaman bizə haranı göstərirdilər, ora gedirdik. Amma bugünkü ərköyün, hamıya meydan oxuyan impulsiv müxalifət mitinq üçün ölkə paytaxtının mərkəzində sabitliyi pozmaq üçün insanların ən çox istifadə etdikləri yeri - "28 May" metrosunun ətrafını seçir! Məgər Qaradağ rayonu ərazisində danışmaq, söz demək və çıxış eləmək olmazmı?! Budur əsl siyasi cığallıq! Məğlub olmamaq üçün bu mitinqləri özlərinə yeganə yol seçən o kəslərə daha heç nə demir, üzümüzü xalqımıza tuturuq:

Əziz xalqımız, mitinq hərisliyi ilə tərəfdarlarını küçələrə səsləyən o adamlara öz yerlərini göstərin! Dünya şöhrətli Ulu Öndərimiz Heydər Əliyevin qurub ərsəyə gətirdiyi, ölkələr içində adı-sanı olan müstəqil dövlətimizi və dövlətçiliyimizi qoruyun. Vətənimizin inkişafı və çiçəklənməsi üçün gecə-gündüz çalışıb böyük işlər görən, ölkəmizi dünyanın öncülləri sırasına çıxaran Prezidentimiz İlham Əliyevin ətrafında birləşin! Bu üzdəniraq demokratların - AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə 1992-93 illərdə vətənimizin və xalqımızın başına gətirdiyi o dəhşətləri unutmayın!

Möhtərəm Cənab Prezident!

Sizə mətbuat vasitəsi ilə müraciət etməkdə məqsədimiz, Sizi - xalqımızın böyük oğlunu bir daha əmin etməklə, ölkə vətəndaşlarına da bu siyasi ismarıcımızı çatdırmaqdır:

Ulu Öndərimiz Heydər Əliyevin sadiq silahdaşları olan "91-lər", o dövrdə olduğu kimi, bu gün də, Sizin arxanızdadır. Bütün qədirbilən xalqımız kimi daim Sizinlə birlikdəyik!

Şəxsiyyətinizə dərin hörmət və ehtiramla,

"91-lər"-in bir qrup üzvü

1. Vilayət Əliyev - əməkdar elm xadimi, elmlər doktoru, professor

2. Tahir Məmmədov - fəlsəfə doktoru, əməkdar jurnalist

3. Munis Bayramov - 3 dərəcəli "Vətənə xidmətə görə" ordenli

4. Xeyrəddin Qoca - yazıçı-publisist

5. Sudeyf İmamverdiyev - AMEA-nın müxbir üzvü, elmlər doktoru, professor

6. Novruz Quliyev - AMEA-nın müxbir üzvü, elmlər doktoru, professor

7. Əlişir Musayev - AMEA-nın müxbir üzvü, elmlər doktoru, professor

8. Şahlar Əsgərov - əməkdar elm xadimi, elmlər doktoru, professor

9. Zahid Xəlilov - elmlər doktoru, professor

10. Ədalət Fərəcov - elmlər doktoru, professor

11 . Hacıbala Abutalıbov - elmlər doktoru, professor

12. Nəbi Əsgərov - elmlər doktoru, professor

13. Maqsud Nəcəfov - elmlər doktoru, professor

14. Vüqar Rəhimzadə - elmlər doktoru, əməkdər jurnalist

15. İsgəndər Quliyev - elmlər doktoru, dosent

16. Rizvan Cəbiyev - əməkdar jurnalist, keçmiş millət vəkili

17. Hacan Hacıyev - fəlsəfə doktoru, keçmiş səfir

18. Allahverdi Hacıyev - fəlsəfə doktoru, əməkdar müəllim

Bakı şəhəri

30 oktyabr 2019-cu il

Bütün xəbərlər Facebook səhifəmizdə