Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Pedaqoji Kollecdə narkomaniyanın, insan alverinin, erkən nikahların və dini radikalizmin fəsadlarına dair maarifləndirmə tədbiri keçirilib. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tədbirdə çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barədə məlumat verib.
Sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirən Ə.Həsənov hər bir yeniyetməni, gənci “Narkomaniyaya yox!” deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər arasında narkomaniya ön sıralarda dayanır. Bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
Dini radikalizm mövzusuna toxunan rəis müavini Rüfət Məmmədov ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib. Bu gün bəzi qüvvələrin din pərdəsi altında siyasi, yaxud digər maraqları naminə gənclərdən istifadə etdikləri, onları xurafata, cəhalətə sürüklədikləri qeyd olunub.
Polis mayoru Tural Məlikov çıxışında insan alverinə qarşı aparılan mübarizədən danışıb, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Hafiz Həsənov erkən nikahın fəsadlarından bəhs edib, belə neqativ hallara qarşı təhsil müəssisələrində, ictimaiyyət arasında, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB