Azərbaycanın Pakistandakı Səfirliyi xeyriyyəçilik bazarında iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyəçilik bazarında iştirak edib. SİA-nın ölkəmizin Pakistandakı səfirliyindən aldığı məlumata görə, xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli və mədəni dəyərlərinə, mətbəxinə, adət-ənənələrinə, turizm potensialına, iqtisadiyyatına və digər sərvətlərinə dair materiallar sərgiyə çıxarılıb.
Tədbirin açılış mərasimini həyata keçirən ali qonaq, Pakistanın birinci xanımı Samina Alvi çıxışında xeyriyyəçilik bazarında ehtiyacı olan insanlara maliyyə yardımı toplamaqla yanaşı, bazarda müşahidə edilən müxtəlifliyin iştirakçı ölkələr arasında harmoniya yaratdığını qeyd edib. “Başqalarının qayğısına qalmaq bizi daha yaxşı insan edir” deyərək, xanım S.Alvi bu “nəcib iş üçün” diplomatik korpusun birgə səylərini yüksək qiymətləndirib. O həmçinin, Qadınlar Assosiasiyasının Pakistanda yoxsulların dəstəyi naminə həyata keçirdiyi xeyriyyəçilik aksiyalarını təqdir edib.
Tədbirdə çıxış edən Pakistanın Xarici İşlər üzrə katibi Soheyl Mahmud diplomatların öz ailələri ilə birgə bu cür xeyriyyə tədbiri üçün əl-ələ verdiyini görməyin ürəkaçan olduğunu bildirib.
Pakistan Xarici İşlər nazirinin həyat yoldaşı xanım Mehrin Qureyşi, Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası prezidenti xanım Maviş Soheyl çıxışlarında təşkilatın 72 illik tarixi boyunca Pakistan diplomatik xidmət orqanlarının imkansız ailələrə yardım etdiyini, bu məqsədlə müxtəlif tədbirlər təşkil etdiyini, bu ilki bazarın “Fərqlilik yarat” (Make a difference) devizi altında təşkil olunduğunu, xeyriyyəçilik məqsədilə yanaşı mədəni müxtəlifliyin təbliğinə xidmət etdiyini diqqətə çatdırıblar.
Çıxışların ardınca “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan Səfirliyi tərəfindən Azərbaycan bayrağı milli geyimimizdə olan diplomatlarımızın övladları tərəfindən səhnəyə gətirilib, dalğalandırılıb, həmçinin tədbirin rəsmi açılış mərasimindən sonra təşkil olunan mədəni proqramda Azərbaycanın “Ay qız, sənə mailəm” xalq mahnısı uşaqların rəqsilə tamaşaçılara təqdim olunub. Tədbirə qatılanlar Azərbaycan Səfirliyinin pavilyonuna böyük maraq göstərib və milli musiqimiz alqışlarla qarşılanıb.
Azərbaycan Səfirliyinin pavilyonunda Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, dolmalar, paxlava, qutab, kabab, ayran və sair təamlar, o cümlədən milli çay dəstgahı iştirakçılara təqdim olunub, Azərbaycanın milli geyimləri, həmçinin Azərbaycan tarixini və mədəniyyətini təcəssüm etdirən milli suvenirlər, İçəri Şəhəri, Möminə Xatun türbəsini, Qız Qalasını, eləcə də görkəmli şəxsiyyətlərimizi, milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycan-Pakistan əlaqələrindən, Azərbaycanın görkəmli şəxsiyyətlərindən, Azərbaycanın turizm potensialından, sosial-iqtisadi inkişafından, diplomatiyamızın 100 illiyindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, jurnallar, fotoşəkillər xeyriyyə bazarında nümayiş etdirilib. Xeyriyyə bazarında səfirliklər arasında zəngin təşkil olunan pavilyonlardan biri olan Azərbaycan pavilyonunu ziyarət etmiş Pakistanın birinci xanımı Samina Alvi və digər rəsmi qonaqlar Azərbaycan təamlarının dadına da baxmış və məmnunluqlarını ifadə ediblər.
Xeyriyyəçilik bazarında Azərbaycan Səfirliyinin pavilyonundan əldə olunan vəsait yoxsul insanların ehtiyaclarına sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB