Azay Quliyev: “Azərbaycanı ərəb ölkələri ilə müqayisə edənlər çox gözəl bilirlər ki, bu müqayisə heç bir əsasa söykənmir“ - MÖVQE
Son günlər sosial paylaşım saytları vasitəsilə gənclərə edilən çağırışlar mətbuatda ən çox müzakirə olunan məsələlərdəndir. Mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. SİA-ya açıqlamasında millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev virtual aləmdə baş verən prosesləri iki cür qiymətləndirdiyini deyib.
Virtual aləmdə müəyyən bir qrupun sanki başqa bir qüvvənin sözçüsü kimi çıxış etdiyini deyən millət vəkili bildirib ki, həmin insanlar Orta Şərq və Şimali Afrikada baş verən hadisələr fonunda süni ajiotaj yaratmaq, insanları sanki müəyyən bir ideya ətrafında birləşdirməyə cəhd göstərmək çağırışları edir. A.Quliyev hesab edir ki, bunlar heç bir əsası olmayan, reallıqla uyğunluq təşkil etməyən çağırışlardır. Millət vəkili həmçinin qeyd edib ki, bu çağırışlara ciddi əhəmiyyət vermək də lazım deyil: "Onlar müxtəlif ölkələrdə yaşayan, bir neçə ad altında fəaliyyət göstərən şəbəkədir. Bu da normaldır. Azərbaycan demokratik ölkədir, demokratik ölkələrdə ifadə azadlığı tam şəkildə qorunur. Hesab edirəm ki, burada şişirtmələr var".
Çağırışların Yaxın Şərq və Şimali Afrikadakı proseslərlə əlaqələndirilməsi gəlincə, A.Quliyev qeyd edib ki, müqayisələr kifayət qədər müəyyən prinsiplərə əsaslanmalıdır: "Elementar biliyi olan, geosiyasi proseslərdən az da olsa başı çıxanlar bilir ki, bunlar tamamilə fərqli proseslərdir. Misirdə uzun illər ərzində formalaşmış diktatura rejimi mövcud idi. Sosial sahədə böyük problemlər var idi, sosial ədalətin qorunmaması açıq-aşkar görünürdü. İkincisi, Misirdə xristian dininə sitayiş edən 15 milyon insan süni şəkildə narazı salınmışdı, onlar müəyyən qrup tərəfindən proseslərdə idarə olunurdu. Üçüncüsü isə, Misirdə radikallaşmış bir qrup - "Müsəlman Qardaşları" təşkilatı var. Bütün bunların isə sosial partlayışla nəticələnməsi gözlənilən idi. Amma Azərbaycanda bunların heç biri yoxdur. Azərbaycanda islahatların tempini, qəbul olunan qərarları, qısa müddət ərzində əldə olunan uğurları vətəndaşlarımızın özləri də qiymətləndirir. Hamının dolanışığından razı qaldığı iddiasında da deyiləm. Problemlər harada yoxdur? ABŞ-da işsizliyin səviyyəsi 8 faizdən yuxarıdır. Almaniyada 15, Fransada 12 faizə yaxındır. İstənilən cəmiyyətdə müəyyən mitinqlər, etirazlar ola bilər. Azərbaycanda bu ab-havada olanlar, Azərbaycanı ərəb ölkələri ilə müqayisə edənlər çox gözəl bilirlər ki, bu müqayisə yalnışdır, heç bir əsasa söykənmir. Onlar öz siyasi maraqları naminə, öz siyasi platformasını gündəmə uyğun olaraq təqdim edirlər. Onlar "bəlkə qarışıqlıq yarada bildik, dünyanın diqqətini cəlb edə bildik" fikirləri ilə yaşayırlar. Hamımız bilirik ki, burada xarici qüvvələrin böyük marağı var. Azərbaycan dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün siyasət yürütməsi əlbəttə, regional maraqları Azərbaycanda toqquşan ölkələri, beynəlxalq təşkilatları razı sala bilməz. Ancaq bu səylər də əbəsdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB