Əflatun Amaşov: “Magistraturaya sənəd verən jurnalistika fakultəsi tələbələrinin esselərinin qiymətləndirilməsində Mətbuat Şurası da iştirak edəcək” - MÜNASİBƏT

Əflatun Amaşov: “Magistraturaya sənəd verən jurnalistika fakultəsi tələbələrinin esselərinin qiymətləndirilməsində Mətbuat Şurası da iştirak edəcək” - MÜNASİBƏT
Jurnalistika fakultəsinin magistraturasına sənəd verənlərin yazdığı esselərin qiymətləndirilməsi üçün Azərbaycan Mətbuat Şurası ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında ümumi razılıq əldə olunub. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, magistraturaya daxil olmaq istəyən jurnalistlərin yazıları Mətbuat Şurasının mütəxəssisləri tərəfindən də yoxlanılacaq. Onun sözlərinə görə, bakalavr sistemində təhsil alacaq tələbələrin qabiliyyət imtahanlarından keçirilməsi ilə bağlı isə hazırda danışıqlar gedir: "Azərbayan Mətbuat Şurası bu məsələlərə kompleks yanaşır. Bizim məqsədimiz ondan ibarətdir ki, gənclərimiz jurnalistika fakultəsinə qəbul olmadan öncə qabiliyyət imtahanı versinlər. Bir çox dünya ölkələrində bu təcrübədən istifadə olunur. Onlar jurnalist olduqlarını qarşılarına məqsəd qoyduqdan sonra digər imtahanları versinlər. İkinci mərhələdə isə magistraturaya daxil olmaq istəyənlərin yazıları Mətbuat Şurası tərəfindən müəyyən olunan mütəxəssislər tərəfindən yoxlanılsın. Hazırda ikinci mərhələdən başlayırıq".

Qabiliyyət imtahanın gələn ildən keçirilməsinə gəlincə şura sədri əvvəlcədən bu barədə bir söz deyə bilmədiyini söyləyib. Bunun çox ciddi bir proses olduğunu deyən Ə.Amaşov vurğulayıb ki, son zamanlar dünyada jurnalistika fakultələri genişlənir, çoxlu sahələr jurnalistikaya daxil olur.

"Biz istərdik ki, jurnalistika fakultəsində oxuyan tələbələr həqiqətən ürəkdən jurnalist olmağı arzulasınlar. Biz monitorinq apararkən belə qənaətə gəlirik ki, jurnalistikada oxuyan tələbələrin xeyli hissəsi bu fakultəyə təsadüfən düşən insanlardır. Bu fakultəni bitirdikdən sonra da onların jurnalistika ilə bağlı heç bir əlaqələri olmayacaq. Ona görə bu məsələlər yenidən baxmaq üçün Mətbuat Şurası böyük bir layihə üzərində işləyir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə