Gülsel Səfərova: “Hər bir gənc öz torpağını, vətənini fikriləşib addım atmalıdır”-MÖVQE

Gülsel Səfərova: “Hər bir gənc öz torpağını, vətənini fikriləşib addım atmalıdır”-MÖVQE
"Düşünürəm ki, hər bir gənc öz torpağını, vətənini fikriləşib addımlar atmalıdır. Əsasən öz dövlətinin inkişafını düşünməli, Azərbaycan vətəndaşı, gənci olaraq bu torpaq üçün nə edə bilər sualını hər zaman özünə verməlidir. Gənclər arasında bu əsas sual olmalıdır". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının rəhbəri Gülsel Səfərova deyib. O bildirib ki, Azərbaycan qloballaşan dünyanın bir məkanıdır və bütün dövlətlərdə olduğu kimi Azərbaycan da müəyyən problemlərlə qarşılaşır.

Təşkilat rəhbəri ölkədəki gəncləri Avropaya inteqrasiya prosesində daha fəal olmağa və qloballaşan dünyaya daha açıq olmağa çağırıb. Onun sözlərinə görə, əgər biz Avropaya inteqrasiya modelini seçmişiksə, burada əsas məsələ gənclərin düzgün maariflənməsidir: "Azad fikir, düşüncə heç də cəmiyyəti quyuya aparan məsələ deyil. Demokratik, azad düşüncə cəmiyyəti qaldıran, onu dünyada tanıtdıran bir fenomendir. Əgər ümumxalq günü dağıdıcı funksiyası daşıyırsa, bunun əleyhinəyəm. Azərbaycan xanımı, gənci olaraq bugünki gənclərdən dövlətin, cəmiyyətin daha çox inkişafına töhfə verəcək fəaliyyətlər gözləyirəm".

G.Səfərova qeyd edib ki, gənclər aktivdirsə, öz fikir və ideyalarını çatdırmaq istəyirlərsə, bu həmin cəmiyyətin demokratik düşünmə qabiliyyətinin yüksək səviyyədə olması, həqiqətən də həmin cəmiyyətin gələcəyinin parlaq olmasına bir işarədir. Onun sözlərinə görə, hər bir halda bu mütərəqqi qarşılana bilər, amma burada aktivlik mənfi və müsbət tərəfə də yozula bilər.

"Müsbət mənada söhbət Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi, Azərbaycan reallıqlarının və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindən gedirsə, bu təqdirəlayiqdir, yox əgər dağıdıcı funksiya daşıyıb dövlətçiliyə ziyan vuracaqsa, bu təqdirəlayiq hesab edilmir. Hər bir demokratik cəmiyyətdə, ölkədə bu labüd bir haldır. Amma əlbəttə, mənim üçün daha lazım olan gənclərin sağlam düşüncəli olmasıdır. Sağlam düşüncə dedikdə dağıdıcılıq yox, quruculuq və inkişafı nəzərdə tuturam. Mən çox istərdim ki, sosial şəbəkələrdə olan gənclər hər hansı bir çağırış edirlərsə, mütləq bunu quruculuq, inkişaf istiqamətində etsinlər. Dağıdıcı formada etdikdə bu, sosial sferaya addımlayan digər gənclərə də mənfi təsir göstərir. Çünki son dövrlərdə sosial sferada gənclərin sayı artır və onlar bir-birilərinə baxıb öz bacarıqlarını inkişaf etdirmək istəyirlər. Əgər bu quruculuq istiqamətində olacaqsa, çox müsbət haldır. Dağıcılıq istiqamətində olacaqsa, bu birbaşa olaraq bizim dövlətçiliyimizə mənfi təsir edir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə