Media nümayəndələri əlilliyi olan insanlarla əlaqədar materiallara həssaslıqla yanaşmalıdır

“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst” kimi ifadələr işlədirlər…”.

Bu fikirlər noyabrın 9-da Park İnn hotelində media nümayəndələri üçün keçirilən təlimdə səslənib.

Layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib ki, gərəkli olan təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla kompleks şəkildə maarifləndirmə işi aparmaqla onların sosial inklüziyasına dəstək göstərməkdən ibarətdir.

Media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi “Medianın əlliyi olan şəxslərin sosial adaptasiyasında rolu”na həsr olunub.

Təlimdə əlillik mövzusunda çıxış edən ekspertlər- Vəkillər Kollegiyasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcrayyə Komitəsinin sədri Sahib Məmmədov və Müstəqil Həyat Tərzi Əlillərə Dəstək İB-nin sədri Aydın Xəlilov jurnalistləri təlimatlandırıblar.

Çıxış edən Sahib Məmmədov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda normal olmayan adam kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.

Aydın Xəlilov həmkarının fikirlərinə dəstək olaraq vurğulayıb ki, əlilliyi olan insanlarla bağlı olan problemlərdən ən əsası bu sahədə sosial reklamların olmamasıdır, təəssüf ki, bu mənada hazırlanan video işlər qənaətbəxş deyil. Sosial reklamda bilik və təsəvvür olmalıdır, biz emosiya , davranışları bildirmək yollarını öyrənməliyik. A. Xəlilov təlim iştirakçıları üçün əlilliyi olan insanlarla bağlı hazırlanan materiallarda jurnalistləri həssas olmağa çağırıb. Jurnalist peşəkar ola bilır, amma çox halda yaradıcı ola bilməz, bu əskik xüsusiyyət deyil, amma əgər əlilliyi olan insanların problemləri işıqlandırılırsa, burada diqqət ikiqat olmalıdır. Ekspert jurnalistlər üçün jurnalist materiallarını yazarkən hansı məsələləri addım-addım nəzərə almaq tövsiyələrini verib.

Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda jurnalistlərə sertifikatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...