Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abdullayev və Sabirabad rayonunun Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in "102" Zəng Mərkəzinə müraciət daxil olub.
Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 03:00 radələrində Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlamış, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb ediblər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk ediblər.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən ediliblər.
Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad RPŞ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.
Qeyd edək ki, evinə basqın edilən şəxs Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB