Astaranın Vovada yaşayış məntəqəsində əhali ilə görüş

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşünü Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vovada kəndində keçirib. SİA-nın məlumatına görə,görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən kəndin də kənarda qalmadığını kənddə müasir tipli yeni məktəb binasının tikilərək inventar və avadanlıqlarla təmin edildiyini, yolların asfaltlaşdırıldığını, sakinlərin müraciətinə əsasən əlavə elektrik transformatorun qoyulduğunu, yeni sitrus bağının salındığını və bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirərək kəndə təbii qazın verilməsi, məktəb yolunun təmiri, piyada körpüsünün qoyulması və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev əlavə edib ki, ölkədə aparılan böyük tikinti-quruculuq işləri rayonumuzda da geniş vüsətlə davam edir. Ən ucqar dağ kəndləri də daxil olmaqla on kilometrlərlə avtomobil yolları asfaltlaşdırılıb, müasir tipli məktəb binaları tikilib, bir sözlə əhalinin sosial rifahının təmini istiqamətində əhəmiyyətli işlər görülüb. Mövcud olduğu tarixi ərzində işığı və avtomobil yolu olmayan Dolu və Diqo kəndlərinə elktrik enerjisi verilişinə başlanıb, avtomobil yolunun çəkilməsi üçün cəlb edilmiş müasir texnikalar iki istiqamətdə işə başlayıb. Hazırda qonşu Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir.

Sonra rayon icra hakimiyyətinin başçısı Vovada kənd ibtidai məktəbdə olub, təhsilin keyfiyyəti ilə maraqlanb, tapşırıq və tövsiyələrini verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə