Noyabrın 5-də Müsavat partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə partiyanın qərargahında müxalif siyasi partiya liderlərinin və dırnaqarası siyasətçilərin iştirakı ilə “dəyirmi masa” keçirilib. Sirr deyil ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə, müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə, daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə, başdan-ayağa korrupsiya və rüşvətxorluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun “müxalifət birliyi”nə “pənah” gətirməsi, cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova biət edəcəkmi?
Belə ki, əvvəlcə sözügedən toplantıda “yer davası” olub. Əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var. Çünki bu masa ətrafında oturanlar müxtəlif vaxtlarda bir-biriləri haqqında ən ağır və nalayiq ifadələr səsləndiriblər. İndi kimə və hansı üzlə “biət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər.
Tədbir başlayan andan aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərib. Müsavat partiyasının başqanı A.Hacılı bu tədbirdə iştirakçıların əlifba sırasına uyğun olaraq, çıxış edəcəklərini bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Çünki tədbirdən əvvəl ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?
Müsavat partiyasının başqanı A.Hacılının dediyinə görə, “dəyirmi masa” heç bir ilkin şərt irəli sürmədən, ölkədəki mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa, bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulub. Müzakirələrdə Turan İnformasiya Agentliyinin direktoru M.Əliyev, keçmiş səhiyyə naziri Ə.İnsanov, "Milli-Strateji Düşüncə Mərkəzi"nin rəhbəri İ.Qəmbər, Xalq Partiyasının sədri P.Hüseyn, AXCP sədri Ə.Kərimli, habelə, H.Hacızadə iştirak ediblər.
Bəziləri ümid edirdilər ki, “dəyirmi masa”dan sonra müxalifət düşərgəsində, xüsusilə də, radikalların pərakəndələşdiyi müstəvidə qarşıdurmalar və didişmələr məntiqi sonluğa varacaqdı, amma olmadı. Həmişəki kimi, populizm, şüarçılıq, pafoslu açıqlamalar və tükənmək bilməyən iddialar səsləndirildi.
İsa Qəmbər çıxış edərək söyləyib ki, burada oturanlar özlərini ağır aparırlar və təbii ki, bir-birlərinə söymürlər: “Amma etiraf edək ki, tərəfdarlarımız bunu edirlər. Düşünürəm ki, tərəfdarlarımızı bundan çəkindirməli, qarşılıqlı etimada əsaslanan münasibətlərin bərqərar olmasının vacibliyini vurğulamalıyıq”.
Beləliklə, İ.Qəmbər ad çəkməsə də, konkret ünvan göstərib, AXCP sədri Ə.Kərimlini və onun tərəfdarlarını nəzərdə tutduğuna işarə vurub.
AXCP sədri Ə.Kərimlinin çıxışı isə, həmişəki kimi, reallıqdan çox uzaq olub. Onun nitqinin preambulasını “Milli Şura” və AXCP-nin mitinqlərinin, xüsusilə də, 19 yanvar və 19 oktyabr aksiyalarının maksimum şişirdilərək, az qala, “milyonların yürüşü” kimi qələmə verilməsi təşkil edib. Ə.Kərimli deyib ki, birlikdə addımlaya bilməyən qüvvələr də tərəfdaşlıq etməli, harada nə edə biləcəklərini götür-qoy etməlidirlər. O, dərhal Müsavatın ünvanına “messic” ünvanlayıb: “19 oktyabr aksiyası ilə bağlı Müsavatla birgə iştirak barədə ilkin anlaşmamız olsa da, əfsuslar olsun ki, Müsavat aksiyaya qatılmadı”.
Ə.Kərimli danışarkən İ.Qəmbər, amerikalı siyasətçilər demişkən, “qəzəblə susurdu”. Təsadüfi deyil ki, əzəli rəqiblərin, daha doğrusu, illərdən bəri qarşılıqlı ittihamlar və xəyanətlər seriyasını davam etdirənlərin çıxışlarından az sonra yerdən “gəlin, özümüzü rüsvay etməyək” deyilib.
“Dəyirmi masa” arxasında oturanlar, danışanlar və pafosa qapılanlar arasında sabiq səhiyyə naziri Ə.İnsanov da vardı. O, nazir postunda çalışdığı illərdə ən yüksək tribunalardan çıxışlarında, bir qayda olaraq, “genetik xəstə” adlandırdığı İsa Qəmbərin yanında əyləşmişdi.
Ə.İnsanovun burada iştirak etməsi belə bir sual doğurur: özünüz hər zaman rüşvətdən, korrupsiyadan danışırsınız. Bəs vaxtilə adı sizin kimi rüşvətdə, korrupsiyada hallanan Ə.İnsanov aranızda nə gəzir? Sizin üçün it olsun, qurd olsun, amma hakimiyyətə qarşı çıxsın. Taleyin ironiyasına bax ki, vəzifə səlahiyyətlərindən sui-istifadəsi, yerlibazlığı və kobudluğu ilə ad çıxarmış Ə.İnsanov nə qədər gülünc olsa da, “dəyirmi masa”da “avrointeqrasiya, demokratiya” və s.-dən danışıb.
H.Hacızadə isə, çıxışında söyləyib ki, “gəlin müzakirələrin nəticəsi kimi bir yox, dörd bəyanat hazırlayaq, onlardan birini Qərbə ünvanlayaq və deyək ki, “Qərb, kişi ol”.
Göründüyü kimi, “dəyirmi masa” dalandan çıxmağa çalışan, amma yanlış yol tutan adamların cəhdinə bənzədi. Müxalifət liderlərinin çıxışlarında populizm, siyasi demaqogiya, indiyədək fasiləsiz deyişmələrin təkrarı yenidən aydın sezilirdi.
"Səs" Analitik Qurupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB