"Ölkəmizdə 11 infeksiyaya qarşı uşaqların vaksinasiyası həyata keçirilir"

"Ölkəmizdə 11 infeksiyaya qarşı uşaqların vaksinasiyası həyata keçirilir"

Azərbaycan azsaylı ölkələrdəndir ki, burada infeksiyalara qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə 11 infeksiyaya qarşı uşaqların vaksinasiyası həyata keçirilir. Qızılca da onlardan biridir. Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür. AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

E.Ağayev ölkəmizdə malyariyanın olmadığını və aparılan mübarizənin bəhrəsini verdiyini də diqqətə çatdırıb. O, həmçinin deyib: “Səhiyyə müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür. Bakı və respublikanın regionları da daxil olmaqla 60 faizə qədər tibb müəssisəsi publik hüquqi şəxsə çevrilib və proses davam etdirilir".

Nazir müavini dövlət doğum evlərində valideynlərə süni uşaq qidalarının məcburi satılması barədə məlumatlara da münasibət bildirib: “Nazirlik olaraq apardığımız siyasətin bir istiqamətini körpələrin ana südü ilə qidalandırılmasına üstünlük verilməsi təşkil edir. Təəssüf ki, bəzi şirkətlər süni uşaq qidalarının satışı və təbliğatını düzgün aparmırlar. Körpələrin ana südü ilə qidalandırılıması geniş təbliğ olunsa da, ictimaiyyət və mətbuat nümayəndələri də bu işdə aktiv olmalıdır”.

Nazir müavini Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi məsələsinə də toxunub. O, bildirib ki, bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə yanaşı, Dövlət Gömrük Komitəsi də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə