Gəncliyə Yardım Fondunda “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” keçirilib

Gəncliyə Yardım Fondunda “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” keçirilib
Bu gün Gəncliyə Yardım Fondunda "Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi" keçirilib. SİA-nın məlumatına görə, sərginin açılış mərasimində millət vəkilləri Fəzail Qəzənfəroğlu, Sevinc Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri H. Kılıçın xanımı Günay Kılıç iştirak ediblər. İlk olaraq bu sərginin təşkilatçılarından olan Ruhiyyə Rəsulova çıxışında bildirib ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun tərkibində "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə bu cür sərgilər təşkil olunur: "Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, Xocalı soyqırımı şəhidlərinin ailələrinə, qocalar evinə və imkansız ailələrə yardım, "Qarabağ suallar və Faktlar" kitabının və digər bir neçə kitabın nəşri bu sərginin vəsaiti hesabına həyata keçirilib. Keçən il keçirilən sərgidən əldə olunan gəlirlər "Qarabağ suallar və Faktlar" kitabının Anadolu türkçəsində nəşrinə və Gəncliyə Yardım Fondunun "Yüz imkansız ailəyə bir illik ərzaq yardımı" layihəsinə xərclənib. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir".
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim isə qeyd edib ki, bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik: "Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur".
Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət etdiyini deyən A. Tecim: "Bunun bariz nümunəsidir ki, Gəncliyə Yardım Fondunda keçiriləcək olan bu ilki xeyriyyə sərgisindən əldə olunacaq gəlirlər, Gəncliyə Yardım Fondunun"25 əlilə əlil arabası" "50 imkansız tələbəyə bir illik təqaüd" və "100 imkansız ailəyə bir illik ərzaq yardımı" layihəyəsinə istifadə olunması planlaşdırılıb",- deyə əlavə edib.
Qeyd edək ki, sərgi 4 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə