Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır

Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycan televiziyası və radiosu işçilərinin peşə bayramıdır. 1926-cı ilin 6 noyabr tarixində yaranan Azərbaycan radiosu bir əsrə yaxın bir yol keçərək, xalqın ictimai fikir tarixində əhəmiyyətli rol oynayıb. XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio bir əsrə yaxın bir məsafədə informasiya liderliyini qoruyub-saxlaya bilib. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi və məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. Azərbaycanda - Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olan Azərbaycan Televiziyası isə radiodan düz 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Hər iki tarix - radio və televiziyanın yaranması xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalıb. Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, mənəvi-mədəni həyatının yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrilib.

AZƏRBAYCAN RADİOSU UZUN VƏ ŞƏRƏFLİ YOLDA

Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən, cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır. Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk və kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı

kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişirlər. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır. Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol gələn Azərbaycan radiosu keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fövqəladə və acınacaqlı bir xəbəri ictimaiyyətə çatdırmaq, nə qədər çətin olsa da, bu gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Həmin zamandan 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirirlər. Ağır müharibə dövrünün ən çox dinlənilən verilişi "Azərbaycan - cəbhə üçün"ü hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü.

Ötən əsri 70-ci illəri Azərbaycan radiosu üçün, xüsusilə, əlamətdar olmuşdur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər radionun nufuzunu daha da yüksəldir. Bu verilişlərdə xalqın ruhu, onun folklor irsi, tarixi mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Milli maraq və düşüncədən qaynaqlanan bu verilişlərin hazırlanması Ulu Öndər Heydər Əliyevin radioya ayırdığı diqqətdən irəli gəlirdi. Heydər Əliyev radionun böyük təbliğat mexanizmi olaraq aşıladığı dəyərlərin mahiyyətini müdrikcəsinə anlayırdı. Hər bir ailənin sevilən verilişi olan "Bulaq" belə milli verilişlərin ilk qaranquşu oldu. Ulu Öndərin xeyir-duası ilə fəaliyyətə başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə şifahi nitqin ən koloritli, milli, etnoqrafik və xalq düşüncə tərzi ilə cilalanmış nəfəsini gətirdi. Respublikanın ən ucqar nöqtələrinə nüfuz edib xalq düşüncəsini müasir dünyamızın tələbləri baxımından üzə çıxaran bu proqramın beynəlxalq poçtu yarandı.

İNFORMASİYA TEXNOLOGİYALARININ SÜRƏTLƏ İNKİŞAFI RADİODA DA TEXNOLOJİ, İSTEHSALAT VƏ YARADICILIQ DƏYİŞİKLİKLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNİ LABÜD EDİR

Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyillərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır və hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işğal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını sipər edən vətən oğullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdıran radiomuz bir gün qələbə sorağını da, Şuşada və Qarabağda yaşayacağımız zəfər sevincini də bizə çatdıracaq. Necə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını çatdırdı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayıldı.

AZƏRBAYCAN TELEVİZİYASININ UĞURLARI

1956-cı ilin fevralında fəaliyyətə başlayan Azərbaycan televiziyası ilk veriliş günü, ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. Bu, televiziyanın yaddaşına və tarixinə yazılan ilk cümlələrə çevrildi.

1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 70-ci illərdən etibarən isə, Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 2005-ci ildən isə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Elə həmin ildən televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

2004-cü ilin fevralından başlayaraq, AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri Teleqüllə Kompleksində yeni rəqəmsal TV - Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan Televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayılır.

BAKIDA RƏNGLİ YAYIMA KEÇİD

1956-cı il sentyabrın 2-nə qədər Bakı Studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino jurnallarına baxa bilirdilər. Moskvadan və SSRİ-nin digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı Studiyasından çıxış edirdilər. İlk dövrdə Bakı Studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi.

1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə, SSRİ-də 4-cü yerə çıxdı. Zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb-tapmaqda kömək etdi. Video kameralarının vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan Televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRI daxilində başlayan münaqişəyə hazır olmadığından, Azərbaycan Televiziyası informasiya siyasətini düzgün qura bilmədi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan Televiziyası yalnız 10 gündən sonra - "yuxarı"nın icazəsi ilə "Qarabağda yaranmış durum" adı altında efirə verdi. Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun və Mərkəzi Komitə üzvlərinin Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə qarşı Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan Televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun anti-Azərbaycan siyasətinə və Azərbaycanın o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan davranışına və addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini və erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan Televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti və xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan Televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Azərbaycan Televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Televiziyası müstəqil dövlətin əsas televiziyasına çevrildi.

63 il əvvəl yaranan Azərbaycan Televiziyası bu gün artıq tamam başqa bir görkəmdədir. Kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı kanalın uğurlu dövrünü yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli Fərmanı ilə Milli Televiziya və Radio Şurası yaradıldı. Şura televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmədə fəaliyyət göstərir. 2010-cu ildə, AzTV-nin 55 yaşının tamamında, onun nəzdində Azərbaycan ziyalılarının və sənətçilərinin çoxdankı arzusu olan "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. Bu kanalın ərsəyə gəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizə qayğısının daha bir təzahürüdür. Bu gün "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bu kanalın verilişlərini izlədikcə, bir daha bu qənaətə gəlirsən ki, mədəniyyətimizin elə parlaq inciləri var ki, onlar yüz illər sonra da Azərbaycanı yüksək mərtəbədən təmsil edə bilər.

"İDMAN AZƏRBAYCAN" TELEKANALI

Azərbaycan Televiziyasının son illərdəki daha bir uğuru 2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalıdır. Bu kanal idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman Azərbaycan" Televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyümələrinə verdiyi önəmin sübutudur. Artıq "İdman Azərbaycan" Televiziyası efir məkanında öz yerini çoxdan təsdiqləyib və fəaliyyət göstərdiyi 7 ildə dövlətimizin idman siyasətinə uğurla xidmət edir. Kanal dünyanın hər yerindən bütün növ idman yarışlarını, müxtəlif çempionatları birbaşa, özü də yüksək peşəkarlıqla yayımlayır, idman xəbərlərini operativliklə tamaşaçılara çatdırır. Hər gün kanalda tamaşaçılara canlı xəbər buraxılışları, orijinal verilişlər, beynəlxalq və ölkədaxili yarış və turnirlər təqdim edilir, çempionatlar canlı yayımlanır. "İdman Azərbaycan" kanalı dünyada yeganə idman kanalıdır ki, heç bir ödəniş olmadan tamaşaçılarına idmanın bütün növləri üzrə proqramlar təqdim edir və açıq yayımdadır.

Cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması, texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsinin zəruriliyini nəzərə alaraq, Cənab Prezident 2016-cı ildə özəl teleradio yayımçılarına 2 milyon, 2018-ci ildə 3 milyon və nəhayət, 2019-cu ilin yanvar ayında daha 3 milyon manat məbləğində maliyyə yardımı ayrılması barədə sərəncamlar imzalamışdır. Bu isə, ilk növbədə, teleradio yayımçılarının zəruri yerlərdə müasir ötürücü stansiyalar qurmalarına imkan yaradır.

Bu gün efir məkanında öz sözünü deyə bilən, uğurlara imza atan Azərbaycan Televiziyasının 63 yaşını qeyd edirik. Böyük və ali məqsədə çatmaq üçün uzun bir yola çıxan Azərbaycan Televiziyasının kollektivini təbrik edir, daha əlçatmaz uca zirvələr fəth etməsini arzulayırıq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə