Nizami rayonunda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var

Nizami rayonunda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var

Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini uğurla davam etdirirlər.

YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində seçki qərargahı üzvlərinin toplantısı keçirilib. YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır: "Növbəti bələdiyyə seçkilərində YAP iqtidar partiyası olaraq, öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür".

Sədaqət Vəliyeva vurğulayıb ki, 18 nəfərdən ibarət seçki qərargahının tərkibinə Nizami rayonunda kifayət qədər nüfuzu olan, fəaliyyət göstərdikləri sahələrdə etimadı doğrultmuş rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, həmçinin, partiya fəalları daxildir.

Seçki hazırlığı ilə əlaqədar seçki qərargahının gördüyü işlərlə bağlı hesabat verilib. Bildirilib ki, seçki qərargahı YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini sürətlə həyata keçirməkdədir.

Seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə, hazırlıq işləri də davam etdirilməkdədir. YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatlarının fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Həmçinin, seçicilərlə işin yüksək səviyyədə təşkil edilməsi üçün hər birində 10-15 nəfər olmaqla, ümumilikdə, 100-dən çox partiya fəalını əhatə edən 8 mobil qrup yaradılıb. Həmçinin, hər məntəqə üzrə seçki işində səriştəsi olan 2-4 nəfər gənc fəal müəyyənləşdirilib.

Sonra iclasda seçki qərargahı üzvləri arasında vəzifə bölgüsü aparılıb, eyni zamanda, bundan sonra görüləcək işlər müəyyənləşdirilib.

Seçki qərargahının üzvləri də YAP-ın namizədlərinin bu seçkilərdə də qələbə qazanacağına əmin olduqlarını bildiriblər.

İclasdan sonra qərargah üzvləri seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə tanış olublar. Qərargahda rayon ərazisində yerləşən seçki dairələrinə uyğun olaraq, 3 mərkəz formalaşdırılıb ki, burada partiya fəalları YAP Mərkəzi Seçki Qərargahından daxil olan tapşırıqları çevik və yüksək səviyyədə yerinə yetirirlər.

Daha sonra qərargah üzvlərinin iştirakı ilə imza toplayacaq partiya fəallarının görüşü keçirilib və treninqlərə start verilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlərin imzatoplama kampaniyası üçün, hər dairəyə 10 nəfər olmaqla, 30 fəal müəyyənləşdirilib. Treninq zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlaşmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə