İndiyədək BTC ilə 440 milyon ton xam neft nəql edilib

İndiyədək BTC ilə 440 milyon ton xam neft nəql edilib

İlin birinci üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 95 milyon dollar, əsaslı xərclərə isə təqribən 25 milyon dollar xərclənib. SİA xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında bildirilir.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 milyon ton (3,3 milyard barrel) xam neft nəql edilib və Ceyhanda 4307 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabat dövründə BTC vasitəsilə təqribən 24 milyon ton (177 milyon barreldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, “BTC Ko.”nun səhmdarları BP (30,10 faiz); AzBTC (25,00 faiz); Şevron (8,90 faiz); Ekvinor (8,71 faiz); TPAO (6,53 faiz); Eni (5,00 faiz); Total (5,00 faiz), İTOÇU (3,40 faiz); İNPEKS (2,50 faiz), EksonMobil (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə