Prezident İlham Əliyev: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir"
Deyir kələklə gələn, küləylə gedər. Ermənistanın baş naziri Nikol Paşinyan kimi. Yalan vədlərlə hakimiyyətə gələn Paşinyanını başı bəlalar çəkməkdədir. Bir də yalan danışan heç vaxt əvvəl dediyi sözü yadında saxlaya bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan hər gün yalan vədlər verəməklə yanaşı, heç dediyi sözün mənasını da anlamır. Bu da təəccüb doğurmur. Çünki küçə "demokratı" siyasətin mənasını anlamır və elə özünə layiq də sərsəm bəyanatlar verərək. başını cəngələ salmaqla yanaşı, oturduğu "kresloya" da "əlvida!" deməyin ömrünü qısaldır. Bu yerdə N.Paşinyanın hələ deputat olanda, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Bu sözləri özünün "faceboook" səhifəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə, baş nazirin verdiyi bəyanatların, vədlərin yalan olduğunu bildirib. "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Lakin cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə, nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün isə, onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün isə, onlar hələ də qalır" deyə parlamentin keçmiş vitse-spikeri vurğulayıb. Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək. Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır. Avropa İttifaq ilə razılaşmanı təbliğ edirdi, indi isə, əksinə, onu tənqid edir. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlüyə qarşı çıxırdı. Bu gün isə, əksinə, bildirir ki, bu təşkilatlarda qalmaq, üzvlük vacibdir.
Sonda isə bildirib ki, əcnəbi casuslar barədə N.Paşinyanın bəyanatı növbəti məqsədsiz bir şou idi. E.Şarmazanov başqa bir açıqlamasında hesab edir ki, Ermənistanın indiki rəhbərliyi hər sahədə əvvəlkindən geri qalır. Onun sözlərinə görə, indiki rəhbərlik, mütəmadi olaraq, cəmiyyəti müxtəlif düşərgələrə bölür: "Bundan əlavə, Paşinyan bu siyasəti tək Ermənistan daxilində deyil, eləcə də, Dağlıq Qarabağdakı rejimlə münasibətlərdə də nümayiş etdirir". E.Şarmazanov bu qənaətdədir ki, Paşinyan qisas hissi ilə alışıb-yanır: "Əsas məramı separatçıların lideri Bako Saakyandan eks-prezident Robert Koçaryanı dəstəklədiyinə görə qisas almaqdır. Bu cür siyasət isə Bakı və Ankaranın dəyirmanına su tökmək deməkdir".
İşğalçı ölkənin baş naziri iflic olduğunu etiraf etdi
Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan "Feysbuk"da canlı yayım zamanı eks-prezident Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışarkən bildirmişdi ki, sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib. Və onun ardınca qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olaraq qalacaq. O zaman, belə olan halda, soruşmaq lazımdır: kimdir günahkar? Politoloqlar da ölkədə yaranmış bu vəziyyətin əsas günahkarı Paşinyan kimilərin yararsız konsepsiyaları. Sözsüz ki, belə siyasi savadı olmayan küçədən ölkəyə baş nazir keçməsi sonda bu nəticəni verməlidir.
O zaman erməni xalqı bu kimi dələduzlardan niyə qurtulmur? İşğalçı ölkənin bir sıra politoloq və təhlilçiləri bildirirlər ki, Ermənistana rəhbərlik edənlərin hamısı eyni səvviyyəli dələduzlardır. 2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxartdısa, o zaman hakimiyyətə gələn Nikol Paşinyan kimi faşisti nə səbəbə hakimiyyətə gətirdi?
"Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir."
Prezident İlham Əliyev bütün çıxışlarında, bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkiltlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu, Azərbaycanın dünyanın ən nüfuzlu təşkiltlarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olunması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə, tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 27 il keçir. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralında müzakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandarın konkret nəticədir. Ulu Öndər Heydər Əliyev həmsədrlərin vasitəçilik missiyasına münasibət bildirərkən, daim bu fikri vurğulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq problemə çevrilməsi həllinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımından yanaşır, marqların toqquşması problemin həllini uzadır.
"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır" deyən dövlət başçısı İlham Əliyev onu da vurğulayıb ki, bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır: "Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Prezident İlham Əliyev qeyd edir ki, növbəti beş ildə də ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, silahlı qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti, ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.
Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdı. Bu gün Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdir. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır".
Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub və bu keçirilən görüşlərində danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik".
Göründüyü kimi, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkəyə hansısa yenilik vəd etmir və təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB