Azərbaycan gəncləri korrupsiyaya qarşı konkret tədbirlər və seminarlar keçirməyi planlaşdırır

Azərbaycan gəncləri korrupsiyaya qarşı konkret tədbirlər və seminarlar keçirməyi planlaşdırır
"Korrupsiya məsələsinin qabardılması və bu sahədə konkret addımların atılması təbii ki, Azərbaycan gənci olaraq məni sevindirir. Amma bu elə anlaşılmasın ki, Azərbaycanda korrupsiya geniş yayılıb və yaxud bu şəkil elə hala gəlmişdi ki, qabartmağa ehtiyac duyulub". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov məlumat verib. Onun sözlərinə görə, maraqlı bir məqam var ki, kiçik problemlərin üzə çıxardılması və onların həlli Azərbaycan hakimiyyətinin bu məsələdə qəti ciddi mübarizə aparmaq əzmində olduğunu göstərir.

"Bir gənc olaraq bu məni sevindirir. Ölkəmiz inkişaf edir və artıq Azərbaycan elə bir səviyyəyə çatıb ki, onu həm istəyənlər, həm də gözü götürməyənlər çoxalır. Cəmiyyətdə olan kiçik problemlər qabarıq şəkildə görünməyən məsələlərdir, amma bunların aradan qaldırılması bir gənc olaraq məni çox sevindirir. İctimai təşkilatlar olaraq korrupsiya məsələsinə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq. Bu sahədə gələcəkdə konkret tədbirlərin, seminarların həyata keçirilməsini planlaşdırırıq. Yəqin yaxın vaxtlarda hər kəs bunun şahidi olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə