Onlayn alış-veriş internetdə satmaq və bu xidmətdən yararlanmaq deməkdir. Yəni, malı dükan-bazarda deyil, internet üzərindən sərgiləyirlər, sən də saytda rəsimlərini, haqqında məlumatlarını gördüyün hər hansı bir malı bəyənirsən və sifariş edirsən. Hər gün bir qədər inkişaf edən texnologiya indi imkan verir ki, soyuq havada, günün qızmarında, vaxtın məhdud olduğu zaman ehtiyacın olan əşyanı almaq üçün dükan-bazar gəzmək məcburiyyətində qalmayasan. Səndən tələb olunan sadəcə malı bəyənmək və online sifariş etməkdir. Bəyəndiyimiz ya evimizə, ya iş yerimizə hətta olduğumuz istənilən məkana qədər gətirilir. Hər gün bir az da rahatlıq axtaran insanlar bu fürsətdən məmnunluqla yararlanırlar. Sadəcə internet və kompyuter bu rahatlıqdan istifadə etmək imkanı verir. Etiraf edək ki, artıq Azərbaycanda elektron ticarət inkişaf edir. İnsanlarımız geyimdən tutmuş, məişət texnikasına qədər istədikləri məhsulu rahat şəkildə sifariş edə bilirlər. Bəs görəsən hazırki vəziyyət qaneedicidirmir? Elektron ticarət zamanı nələrə diqqət etməli və ya nələri etməməliyik? SİA bu suallara cavab tapmağa çalışıb.
Elektron ticarətlə bağlı VƏZİYYƏT
İKT üzrə ekspert Osman Gündüz bildirib ki, son dövlərlər Azərbaycanda da sosial media üzərindən ticarət edənlərin sayı kəskin şəkildə artıb. Artıq bir çoxları alış-verişini xüsusilə də “İnstagram” vasitəsilə onlayn şəkildə həyata keçirir. Əslində bu normal yanaşmadır. Əgər xidmət qane edirsə, bu addımı təqdir etmək olar. İnsanların rəqəmsal, elektron ticarətə marağının artması, onların daha çevik, effektiv üsulla alış-verişini təmin etməsinı xidmət edir”.
Onun sözlərinə görə, Azərbaycanda onlayn alış-verişin daha da inkişafı istiqamətində işlər görülməli, bu iş təqdir edilməlidir: “Sahibkarlarımız həm də sosial media üzərindən ticarət imkanlarını genişləndirməlidirlər. Prezident İlham Əliyevin tapşırıqları, eləcə də qəbul olunan qərarların da mahiyyəti elektron ticarətin inkişafına, bu sahənin stimullaşdırılmasına yönəlib. Bu gün aldığımız məhsulun evimizə və ya ofisimizə çatdırılmasından yaxşı nə ola bilər ki?”.
Onlayın alış-veriş etdikdə 3 mühüm ADDIM
Ekspert söyləyib ki, əgər onlayn alış-veriş zamanı aldatma, dələduzluq, etibardan sui-istifadə varsa, o zaman bu qınanılacaq məsələdir: “Ona görə də insanlar sosial şəbəkələr üzərində olan internet mağazalardan alış-veriş edərkən daha diqqətli olmalıdırlar. İlk öncə qısa müddət müəyyən araşdırma aparmaq, mağazanın kontaktı, əks əlaqə imkanlarının, nə vaxt yarandığının, sahibinin kimliyi haqqında məlumatlı olmaq vacibdir. Bundan əlavə, mağaza ilə bağlı rəylərə baxmaq, axtarış sistemi ilə məlumat toplamaq olar. Üçüncü addım ilkin məktublaşma ola bilər. Bu vasitə ilə alış-veriş şərtləri, onların çatdırılması, məhsulun tərkibi, onu alana qədər intehlakçının hüququnun necə qorunacağı, məhsul bəyənilmədikdə onun geri qaytarmaq imkanı, pulu geri almaqla bağlı yazılı şəkildə suallara cavab tapmaq mümkündür”.
Onlayn ticarətdə bunu etmək OLMAZ!
O. Gündüz qeyd edib ki, alış-veriş etdikdə istifadə olunan kredit kartlarından ehtiyatlı olmaq lazımdır: “İlkin vaxtlarda böyük vəsaitlər olan kartlarla alış-verilş etmək doğru olmaz. Bunun üçün ayrıca kartların olması məsləhətlidir. İnternet vasitəsilə alış-veriş edərkən vətəndaşların diqqət yetirməsi vacib olan məsələlərdən biri insanların sosial mediada olan mağazalarda vergidə qeydiyyatdan keçmələridir. VÖEN-nin orada qeyd olunması artıq vətəndaşın etibar etməsi üçün əsas şərtlərdən biri ola bilər. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən bu cür mağazaların vergidən azad olunaraq uçot işinin aparılması faydalı ola bilər. Bizim əsas çağırışımız bu cür qurumların qeydiyyata düşməsi, bəlli bir müddətdə vergidən azad olunması ilə bağlıdır. Artıq onların uçota düşməsi, şəffaflıq, hökumətin nəzarəti üçün əlavə alətdir. Onların vəziyyəti yaxşılaşdıqdan sonra vergi məsələləri də şamil oluna bilər”.
Sosial şəbəkədəki qiymət ilə real qiymət fərqlidirsə...
Məhsulun sosial şəbəkədəki qiyməti ilə real qiyməti arasında fərqə gəlincə ekspert söyləyib ki, bu kimi hallara təkcə onlayn deyil, real alış-veriş edərkən də rast gəlmək mümkündür: “Bəzən marketə girib məhsulun üzərində olan qiymətlə kassaya vurularkən çekdə əks olunan qiymətin fərqli olduğunu görə bilirik. Həttə buna marketdə çalışanlar tərəfindən izah istəyəndə məhsulun üzərində göstərilən qiymətin köhnə olduğunu iddia edənlərə də rast gəlmək mümkündür. Belə olan halda, elektron ticarət edənlər qiymətləri öncədən dəqiqləşdirməlidirlər. Əgər dəqiqləşdirdikdən sonra da bu kimi problemlər olsa, o zaman bu dələduzluqdur. Belə hallarla bağlı Cinayət məsuliyyəti var və rastlaşanlar dərhal polisə, hüquq mühafizə orqanlarına müraciət etməlidirlər”.
Polisin üzərinə düşən VƏZİFƏ
Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib: “Sosial şəbəkələr üzərindən vətəndaşların etibarından sui-istifadə olunmaqla dələduzluq əməli törədənlərin olması istisna olunmur. Sosial şəbəkələrdə izləyicilərinə şirnikləndirici vədlər verib onların diqqətini çəkməklə dələduzluq edənlərin əməlləri ziyanın miqdarından asılı olaraq, cinayət və inzibati xəta tərkibi yaradır. Vətəndaşın məruz qaldığı ictimai təhlükəli əməllərlə bağlı polisə daxil olan müraciətlər forma və məzmunundan asılı olmayaraq araşdırılır.
Daxil olan müraciətlər üzrə bu əməlləri törədənlərin aşkarlanması, tapılaraq məsuliyyətə cəlb olunması üçün polis orqanları tərəfindən ən müasir kibertexnoloji metod və üsullardan istifadə olunur. Hər bir şəxs bilməlidir ki, polis dövrün çağırış və təhdidləri ilə paralel hər gün təkmilləşir, inkişaf edir".
Bəs qanunvericilik nə deyir?
Azərbaycan da sözügedən ticarət haqqında 2005-ci ildə “Elektron ticarət haqqında” qanun qəbul edib. Qanunda əsasən, onlayn ticarətin təşkili, həyata keçirilməsi və bu sahədə qanunun pozulduğu halda məsuliyyətə cəlb olunmalar öz əksini tapır. Qanuna görə, onlayn satış xidməti sahibkarlıq fəaliyyəti hesab olunaraq, vergiyə cəlb edilir. Elektron ticarətlə məşğul olan şəxslər fəaliyyətə başladığı gündən etibarən, vergi orqanına müraciət edərək, qeydiyyatdan keçməlidir. Qeydiyyata alınma, kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürəti əsasında aparılır. Müraciət, şəxsin özü tərəfindən ya da onun etibarnaməsi olan səlahiyyətli şəxsi tərəfindən vergi orqanına gəlməklə, həmçinin, poçt vasitəsilə həyata keçirilir. Elektron xidmətlər vasitəsilə də vergi qeydiyyatına düşmək mümkündür. Belə ki, elektron imza və “ASAN İmza” əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə qeydiyyatdan keçmək olur. Qeydiyyata alınarkən, ərizədə vergitutmaya uyğun olaraq, sadələşdirilmiş vergi, gəlir vergisi və əlavə dəyər vergisi növü seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB