Milli Məclis Ombudsmanın illik məruzəsi və bir sıra qanun layihələrini qəbul edib
Milli Məclisin martın 3-də keçirilən növbəti iclasında bir sıra məsələlər müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, cari məsələlərlə bağlı millət vəkillərinin çıxışlarından sonra Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2010-cu il fəaliyyəti ilə bağlı illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Elmira Süleymanova edib. E.Süleymanova ötən il ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan hüququ və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə alındığını, onlardan 51-ni vətəndaşlarla kobud davranma 38-ni əsassız saxlama, 46-nı polisə əsassız gətirmə, 22-ni sürücülərin hüquqlarının pozulması, 5-ni əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-nü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 9-nu digər faktlar təşkil etdiyini vurğulayıb. O, qeyd edib ki, bu cür neqativ hərəkətlərə yol verən 276 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Belə ki, onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş tutduğu vəzifədən azad olunub, 238 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.
Hesabatda qeyd olunur ki, DİN-ə bilavasitə müraciətlər üzrə aparılan yoxlamalar nəticəsində 14 fakt üzrə polis əməkdaşları tərəfindən qanunvericiliyin, nazirliyin aidiyyatı normativ-hüquqi aktlarının tələblərinin pozulması müəyyən edildiyindən nazirin müvafiq əmrləri ilə 41 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 əməkdaş DİN orqanlarında xidmətdən xaric olunub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 3 əməkdaşa isə başqa növ intizam tənbehi verilib. İntizam məsuliyyətinə cəlb olunanlardan 12 nəfər cinayət-axtarış, 13 nəfəri ictimai təhlükəsizlik, 4 nəfəri istintaq və təhqiqat, 3 nəfəri yol-patrul, 9 nəfəri isə digər xidmət sahələrinin əməkdaşları, o cümlədən 7 nəfəri rəhbər vəzifəli əməkdaşlar olub. Eyni zamanda ötən dövrdə polis orqanları ilə bağlı Müvəkkilin ünvanına 1.904(19.4%) şikayət daxil olub. Onlardan müvafiq şəhər və rayon polis idarə və şöbələri ilə bağlı şikayətlərinə gəlincə, Nərimanov və Nəsimi rayonlarından 69, Yasamaldan 64, Qaradağdan 54, Nizami rayonundan 47, Binəqədidən 45, habelə Şəkidən 54, Sumqayıt və Abşerondan 39, Şəmkir və Lənkərandan 34, Astara, Quba və Gədəbəydən 27, Ağcabədi, Bərdə və Goranboydan isə 26 şikayət daxil olub. Eyni zamanda şikayətlərlə bağlı DİN-ə və onun yerli orqanlarına 529 sorğu göndərilib.
Ədliyyə orqanlarında qanun pozuntuları və işində yol verən digər nöqsanlara görə, 2010-cu ildə nazirlik tərəfindən 4 nəfər barədə materialların Prokurorluğa göndərildiyini deyən E. Sülymanova bildirib ki, 220-dən çox ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. O, qeyd edib ki, o cümlədən 26 nəfər vəzifədən azad edilib və ədliyyə orqanlarından xaric edilib. Prokurorluq orqanlarına göndərilən materiallar araşdıralaraq 2 nəfər barədə iş məhkəməyə göndərilib və onlar təqsirli bilinərək məhkum olublar. Daha sonra millət vəkilləri insan hüquqları üzrə müvəkkilin (ombudsman) 2010-cu il fəaliyyəti ilə bağlı illik məruzəsinə münasibət bildiriblər. Müzakirələr zamanı deputat Fazil Mustafa diqqəti hesabatdakı hüquq-mühafizə orqanlarının daxil olan müraciət və şikayətlərə layiqincə yanaşmamaları faktına yönəldib. F.Mustafa Ombudsman Aparatının Milli Məclisdə nümayəndəsinin təyin olunmasını təklif edib. "Parlamentdə Ombudsman Aparatının nümayəndəsinin iştirakı bu struktura parlamentin insan hüquqları ilə bağlı müzakirələrində iştirak üçün imkan yaradacaq. Bu halda parlament və insan hüquqlarının qorunması üzrə struktur arasında əlaqə yaxşılaşacaq"-deyə, F.Mustafa vurğulayıb.
Deputat Elmira Axundzadə müzakirələr zamanı deyib ki, Ombudsman Aparatı Azərbaycandakı intiharlarla bağlı hesabatı daha diqqətlə hazırlamalı, onların səbəblərini araşdırmalıdır. Müzakirələr zamanı millət vəkili Aydın Mirzəzadə ombudsmana müraciətlərin sayının çoxaldığını bildirərək, cəmiyyətin bu quruma etimadının artdığını qeyd edib. Eyni zamanda, Mirzəzadə hesabatın dövlət qurumlarına aid olan bəndlərinin icrasının nəticələri barədə məsələ qaldırıb. "Hesabatda aidiyyəti qurumlara təkliflər var. Araşdırılmalıdır ki, həmin təkliflərin bu qurumlar tərəfindən icrası hansı səviyyədədir"-deyə o bildirib. Müzakirələrdən sonra illik məruzə 105 lehinə, 1 nəfər əleyhinə səs toplamaqla qəbul edilib.
Eyni zamanda Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "TRASEKA multimodal daşımalarının inkişafı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə, Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə, Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunla "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə, Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Gömrük tarifi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunları qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB