Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun M.Fərzullayev adına Mamusta kənd tam orta və Daşdalıqjar kənd ümumi orta məktəblərində tədbir keçirilib. SİA-nın məlumatına görə, “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktorları Yaxşıxanım Fərzullayeva, Ruslan Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, yeniyetmə və gənclərin zərərli vərdişlərin və dini radikalizmin təsirlərindən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb,uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib. Ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyi və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyi vurğulanıb.

Natiqlər, uşaqların mənəvi dəyərlərimiz əsasında və Azərbaycançılıq ruhunda tərbiyə edilmələrinin vacibliyinə diqqət çəkiblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə