“Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında keçirilən respublika foto müsabiqəsi qalibləri mükafatlandırıldı

Bu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilər arasında keçirilən respublika foto müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova, aparıcı mütəxəssis Rövşən Əliyev, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (ETTM) direktoru Əli Şükürov və digər qonaqlar iştirak edib.

Müsabiqə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə təşkil olunub. Foto müsabiqə 3 yaş qrupu və 3 mərhələ üzrə respublikanın müxtəlif regionlarında keçirilib. Müsabiqənin məktəb və rayon mərhələsində iştirak edən yüzlərlə məktəbli ətraf mühitin ekoloji vəziyyətini və bu sahədə görülən işləri foto kameranın "gözü" ilə öz yaradıcılıq işlərində əks etdiriblər.

Foto müsabiqənin respublika mərhələsinə təqdim olunmuş 300-ə qədər fotoşəkildə məktəblilər təbiətin gözəllikləri ilə yanaşı, ətraf mühitin ekoloji problemlərini, insanın təsərrüfat fəaliyyətinin mənfi təsirlərini, təbiətə və canlılara etinasız münasibətin nəticələrini məharətlə göstəriblər. Müsabiqə zamanı Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Masallı, Şəmkir, Balakən, Hacıqabul, Sumqayıt, Şirvan, İsmayıllı, Şamaxı, Quba, Şəki, Sabirabad, Qəbələ, Sumqayıt rayon və şəhər ETTM-lərinin dərnək üzvlərinin yaradıcılıq işləri münsiflər heyəti tərəfındən qiymətləndirilərək I, II və III yerlərə layiq görülüb. Mərasimdə müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomu və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə