Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür"
Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, Azərbaycan bir sıra beynəlxalq miqyaslı konfrans, forum, seminar və digər mühüm tədbirlərin keçirildiyi məkan olaraq tanınır. Dəfələrlə nufuzlu idman yarışları, musiqi festivalları, ədəbi-bədi müsabiqələr ölkəmizdə keçirilib. Beynəlxalq təşkilatlarda Azərbaycan acıq şəkidə mövqeyini bildirir, sülhün və əmin-amanlığın qorunub- saxlanması işinə layiqli töhfə verir, beynəlxaq terrorizmlə mübarizədə və digər qlobal məsələlərin həllində yaxından iştirak edir. Bu baxımdan, dünya siyasi səhnəsində Azərbaycanın irəli sürdüyü təkliflər və ideyalar mübahisə mövzusu olamadan, birmənalı şəkildə dəstəklənir. Bəzən aparıcı dövlət başçıları Prezident İlham Əliyevə zəng edərək, Ondan hansısa məsələ ilə bağlı dəstək istəyirlər. Elə bu günlər Fransa Respublikasının Prezidenti Emmanuel Makron onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən xahiş edib. Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib.
Zirvə Görüşünün Bakıda keçirilməsi dünyada Azərbaycanın nufuzunun daha da möhkəmlənməsinə təkan olacaq
Məhz bu cür münasibətlərin artan xətlə inkişaf etməsinin nəticəsidir ki, erməni lobbisinin daha çox kök saldığı Fransadan Ermənistana zərbə olan addımlar atılır. Misal olaraq Fransandakı Lion İnzibati Məhkəməsinin ölkənin Vilörban şəhəri ilə işğal altındakı Azərbaycan şəhəri Şuşa arasında imzalanmış qanunsuz "qardaşlıq" müqaviləsini ləğv edib. Çıxarılan məhkəmə qərarında deyilir ki, müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanunsuzdur. Şübhə yoxdur ki, ölkəmizin uğurlu nailiyyətləri praqmatik və rasional xarici siyasət aparılması nəticəsində əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dünya birliyinə sıx inteqrasiya olunmaq xəttinə əsaslanır Bununla da, Azərbaycan regional güc mərkəzi kimi beynəlxalq mövqelərini möhkəmləndirir.Tam qətiyyətlə demək olar ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi dünyada Azərbaycanın nufuzunun daha da möhkəmlənməsinə təkan olmaqla, imicinə böyük faydadır. Xatırladaq ki, Qoşulmama Hərəkatı 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında təklif olaraq irəli sürülüb. Qoşulmama Hərəkatına birinci sammitinin hazırlıq mərhələsi 1961-ci il iyunun 5-12-də Misirin Qahirə şəhərində keçirilmişdir. Hərəkat 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə Yuqoslaviya Prezidenti İosif Broz Tito, Hindistanın ilk Baş naziri və Prezidenti Cəvahirləl Nehru, Misir Prezidenti Camal Əbdül Nasir, İndoneziya Prezidenti Sukarno, Qananın ilk Baş naziri və Prezidenti Nkrume Kvamenin təşəbbüsü ilə yaradılmışdır. Qoşulmama Hərəkatı BMT təşkilatı üzvlərinin, təxminən, üçdə ikisini, dünya əhalisinin isə 55 faizini təşkil edir. Qoşulmama Hərəkatının geosiyasi əhəmiyyəti BMT-də gözlənilən islahatların aparılmaması ilə daha da çoxalıb. Belə ki, onu alternativ fəaliyyət meydanı kimi qəbul ediblər. Təsadüfi deyil ki, son 25 il ərzində hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. 17 dövlət və 10 beynəlxalq təşkilat hərəkat yanında müşahidəçi statusuna malikdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv seçilib. 2018-ci ildə Bakıda Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusundakı konfransı keçirilib.
Konfransda çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, dünyada birliyə və bərabərliyə nail olunmalıdır: "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda, demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik".
Bakı şəhərində "Bandunq Prinsiplərini" rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşündə, ümumilikdə, 2 minə yaxın nümayəndə iştirak edib. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmiş BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatını "ağlın səsi" adlandırıb. Onun sözlərinə görə, Qoşulmama Hərəkatı və BMT-nin fundamental insan hüquqlarına, həmçinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək kimi ortaq hədəfləri var. Ticani Məhəmməd-Bande müdriklik və yumşaqlıq örnəyi adlandırdığı hərəkat iştirakçılarını çətinliklərə rəğmən, BMT-nin Nizamnaməsinə uyğun şəkildə sülh, tərəqqi və ədalət naminə fəaliyyət göstərməyə çağırıb.
Qoşulmama Hərəkatına sədrlik etmiş Venesuela-Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşündə çıxış edərək Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etmiş və sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini bildirmişdir. Nikolas Maduro növbəti 3 il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan edib. Beləliklə də, 2019-2022-ci iilərə Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışında Qoşulmama Hərəkatının fəaliyyətində Azərbaycanın sülhə və təhlükəzsizliyə verdiyi layiqli töhfəni bütün dünyaya bəyan etdi.
"Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir"
Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək: "Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan, Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada, keçən ay Azərbaycanın "77-lər qrupu"na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan, kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.
Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədi ilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır". Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik tarixində əldə etdiyi uğurlardan və Ermənistanın işğalçılıq siyasətindən də danışıb. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var: "Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin, təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə, ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür".
Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir: "Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Cənab Prezident Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışarkən bildirmişdir ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur: "Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir".
"Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir" deyən Prezident İlham Əliyev onu da qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız "Bakı Prosesi" təşəbbüsü BMT tərəfindən də dəstəklənir: "BMT-nin Baş katibi Antonio Quterreş "Bakı Prosesi"ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. "Bakı Prosesi"nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu, artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır".
BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına Azərbaycan Prezidenti İlham Əliyevin sədr seçilməsi o deməkdir ölkəmiz dünyada haqq işini daha geniş və əsaslı şəkildə dünya xalqlarına bə dövlətlərinə çatdıra biləcək. Azərbaycanın apardığı fəal və uğurlu xarici siyasətin göstəricisi olaraq Dağlıq Qarabağ münaqişəsi istiqamətindıə mühüm diplomatik uğur əldə ediləcək. Bu əminlik Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strategiya və Prezident İlham Əliyevin əzmlə və qətiyyətlə yürütdüyü siyasət bunu deməyə əsas verir.
Uğursuz erməni siyasəti bu dəfə də özünü göstərdi
Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov bildirib ki, Prezident İlham Əliyevin sədr seçilməsi Qoşulmama Hərəkatının fəaliyyətinin güclənməsinə imkanlar yaradacaq: "Aydındır ki, Prezident İlham Əliyevin Sədrliyi ilə bu tədbirin keçirilməsi, ilk növbədə, təşkilatın ruhuna sadiqliyi baxımından, Azərbaycanın xidmətlərinin tanınmasını göstərir. Yəni ölkə prinsipial mövqe tutaraq digər ölkələrlə hərbi bloklarda yer almır və bununla da, tam müstəqil mövqe sərgiləyir. Azərbaycan kiminlə dostluq edib- etməyəcəyinə özü qərar verir. Eyni zamanda, bu cür müstəqil mövqe bəzi ölkələri qıcıqlandırır, bəzi ölkələrdə isə hörmət doğurur və onlar başa düşürlər ki, bu ölkə ilə bərabər səviyyədə danışmaq lazımdır. Azərbaycan öz müstəqil siyasəti ilə regionda və dünyada nüfuza və hörmətə malikdir. Belə irimiqyaslı sammitin, məhz Bakıda keçirilməsi və sədrliyin dörd il ərzində regionun aparıcı dövlətinə həvalə edilməsi bunun göstəricisidir".
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə dünyanın 120 dövləti, yəni planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib. Bir sözlə, tam qətiyyətlə qeyd etmək olar ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə Azərbaycan böyük diplomatik uğura imza atıldı. İştirakçıların yekdil qərarı ilə bir daha Ermənistan işğalçı dövlət olaraq tanınması barədə qərar qəbul olundu. Bu qərar Ermənistana növbəti zərbə olmaqla yanaşı, Azərbaycanın haqq işinin demokratik düşüncəli dünya xalqları və dövlətləri tərəfindən tanınması deməkdir. Gözlənildiyi kimui, işğalçı Ermənistan Qoşulma Hərəkatının Baklıda keçirilməsindən və Zirvə Görüşündə Azərbaycanın maraqlarına tam cavab verən qəraraların qəbul edilməsindən küçə təfəkkürünə və barbar düşüncəsinə uyğun mövqe ortaya qoyub. Ermənistanın hərbi xuntasının Xarici İşlər Nazirliyi Qoşulma Hərəkatının üzvlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edib. Bu fakt Ermənistanın hakim rejiminin, xüsusilə də, küçə "demokratı" Paşinyanın son dərəcə carəsiz və ümidsiz vəziyyətdə olduğunu göstərir. Azərbaycan isə siyasi, iqtisadi, hərbi, bir sözlə, düşməninin bağrını çatladıb, dostu sevindirən uğurlarını davam etdirir.
Sona Həmidova,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB