Rumıniya XİN rəhbərinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov bu ölkənin Xarici İşlər naziri xanım Ramona Manesku ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasındakı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional energetika və nəqliyyat layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. H.Nəcəfov R.Maneskunun Avropa Parlamentinin deputatı mandatında ikitərəfli münasibətlərin genişlənməsi istiqamətində görülən işləri və əməkdaşlığın Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və xanım nazirə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi yubiley medalını təqdim edib. Görüşdə Azərbaycan və Rumıniya arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamənin 10-cu ildönümünün qeyd olunduğu vurğulanıb.
İqtisadi əməkdaşlığa toxunan R.Manesku ölkələrimizin regionda Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu kimi bir sıra enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində yaxından əməkdaşlıq etdiyini, sözügedən layihələrin həyata keçirilməsi üzrə səylərin davam etdiriləcəyini bildirib.
Ramona Manesku münasibətlərin inkişafı istiqamətində onun fəaliyyətinin yüksək qiymətləndirildiyi və medalla təltif edildiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. Nazir Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB