Sürücü mədəniyyətsizliyi, yoxsa piyada məsuliyyətsizliyi: ölüm halları niyə artır?
Son zamanlarda piyada keçidlərində, piyada zolaqlarında bədbəxt hadisələrin sayı artıb, yüzlərlə insan yol qəzalarında xəsarət alıb, həyatını itirib. Doğrudur, yollarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xeyli sayda piyada keçidləri, piyada zolaqları salınıb. Bütün bunlara baxmayaraq bəzi hallarda qəzalar, piyada ölümləri qaçılmaz olur. Bəs günahkar kimdir, sürücü, yoxsa piyada?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, ötən illərlə müqayisədə cari ilin 9 ay ərzində 70-dən çox hadisə azalıb, 30-a yaxın ölüm faktının sayı aşağı enib: “Lakin, piyadaların vurulması ümumi hadisələrin 52 faizini təşkil edir ki, bu da bizi narahat edir. Hesab edirik ki, piyadaların vurulmaması üçün təbliğat işlərini gücləndirmək, eləcə də bu sahədə media nümayəndələri ilə birgə profilaktik tədbirlərin keçirilməsinə, vətəndaşların bundan yararlanmasına dəstək olmalıyıq”.
Vaqif Əsədov həmçinin söyləyib ki, hadisələrin baş verməsi əsasən piyada məsuliyyətsizliyi və sürücü diqqətsizliyidir: “Piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Bakı şəhər üzrə 80-dən arıq yerüstü və yeraltı piyada keçidləri var. Keçidlərin olmasına baxmayaraq, vətəndaşların tənbəlliyi, səhlənkarlığı, eqoistliyi səbəbindən qeydə alınan nəticələr hələ ki, ürək açan deyil. Piyadaların vurulması çox ciddi narahatlıq doğurur və nizam-intizamın gücləndirilməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması vacib şərtdir. Hərəkət iştirakçısı kimliyindən asılı olmayaraq yol-hərəkəti haqqında qanunun tələblərini bilməli və öz təhlükəsizliyini təmin etmək üçün bu tələbləri yerinə yetirməyi bacarmalıdır.
Qurumun sözcüsü onu da qeyd edib ki, bu gün paytaxtda tətbiq edilən yeni texnologiyalar “İ-patrul” sistemi avtomatik olaraq inzibati xəta törədənləri aşkar edir və inzibati tənbeh tədbirlərinin həyata keçirilməsində yardım edir.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı isə deyir ki, ilk növbədə təbliğat işinin genişləndirilməsinə ciddi ehtiyac var. Çünki, son zamanlar aparılan cərimələnmə işləri, piyadaların cərimələnməsi o qədər də müsbət nəticə vermədi: “Təbliğat işi haradan başlamalıdır? Düşünürəm ki, təbliğat işini dayanmadan həyata keçirmək lazımdır. Bu, orta və ali məktəblərdə davamlı olaraq tədris edilməlidir. Bəzən vətəndaşlar piyada keçidlərindən istifadə etdiyi zaman piyadaların vurulması kimi hallar baş verir, o cümlədən, səki tapıb hərəkət edə bilməyən piyadalar da var ki, məcbur qalıb yolun hərəkət hissəsinə çıxırlar, bu da qəza və avtomobillə vurulma hallarına gətirib çıxarır”.
Ekspert həmçinin onu da vurğulayıb ki, keçidlərdə piyada vurulması sürücünün məsuliyyətsizliyi, kobudluğu və yol-hərəkət qaydalarını bilməməsindən irəli gəlir: “Deyə bilmərik ki, Bakı şəhərində bütün keçidlər düzgün qurulub, xeyr. Keçidlərin düzgün qurulmaması, düzgün nişanlanmaması keyfiyyətsiz boyalanmalar, bütün bunlar bu amillərə daxildir. Yolların işıqlandırılması üçün quraşdırılan işıqlar gecə saatlarında sönür və qaranlıq yolda hərəkət zamanı sürücü necə müəyyən etməlidir ki, qarşıda piyada zolağı var və sürəti azaltmaq lazımdır. Hesab edirəm ki, küçələr, ən azından piyada zolaqları işıqlandırılmalıdır. Bütün dünyada geniş tətbiq olunan mexanizmlərdən biri də günəş batareyasından istifadədir və bununla da küçələr olmasa belə, keçidlər işıqlandırılır”.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB