Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ədalətli qərardır - PREZİDENT

Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ədalətli qərardır - PREZİDENT

"Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident qeyd edib ki, bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir: "Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir".

Ölkə rəhbəri bildirib ki, yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi: "Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə