Regionların inkişafı iqtisadiyyatın dayanıqlığını təmin edir

Regionların inkişafı iqtisadiyyatın dayanıqlığını təmin edir

Prezident İlham Əliyev: "Vətəndaşlara xidmət etmək bizim borcumuzdur"

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.

Son 16 ildə Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığln yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə, respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib.

Ötən 16 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə, regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla və gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

"Qəbələ rayonu Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir"

Bu, bir reallıqdır ki, Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması və daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi amilini ön plana çəkir.

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev zərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ və Ağdaş rayonlarında olub və bu bölgəyə səfəri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub.

Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. "Azərxalça" ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edən dövlət başçısı kollektivlə görüşü zamanı bu gözəl müəssisədə 50-dən çox iş yerinin yaradıldığını və gələcəkdə iş yerlərinin sayının daha da çox olacağını dedi: "Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.

Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə "Azərxalça" müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən, biri Qəbələ şəhərində. Növbəti illərdə isə, 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq".

Ölkə Prezidenti Qəbələ rayonunun Azərbaycanın Bakıdan sonra ikinci turizm məskəni olduğunu bildirdi: "Turizmin inkişafı sürətlə davam edir, 9 otel və 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl, mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir".

Xalq-iqtidar birliyi - müstəqil Azərbaycanın möhkəm təməlidir

Ağdaş rayonuna səfəri zamanı son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də, Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Dövlət başçısı rayonda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılış mərasimində iştirak edib. Eyni zamanda, Prezident İlham Əliyev Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilməsi tədbirdə iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxış edərək, Prezident kimi Ağdaş rayonuna beşinci səfəri olduğunu, hər səfərdə uğurlu lahiyələrin açılışını etdiyini bildirib: "Hər səfərdə biz hansısa önəmli layihənin ya təməl daşını qoyuruq, ya da ki, açılışını qeyd edirik, o cümlədən, bu gün. Artıq neçə vaxtdır ki, Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilibdir. Bu gün isə, bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da, çox böyük hadisədir. Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir. Ona görə bu gözəl hadisəni biz birlikdə qeyd edirik".

Dövlət başçıs onu da bildirib ki, içməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır: "Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq "Azərsu"ya göstəriş verildi ki, gələn ildən başlayaraq, qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın. Eyni zamanda, insan sağlamlığı üçün digər vacib amil keyfiyyətli qidadır. Bu məsələyə də diqqət yetirilir, Qida Təhlükəsizliyi Agentliyi yaradılıbdır".

Prezident İlham Əliyev çıxşı zamanı onu da bildirib ki, xalqa xidmət etmək borcumuzdur: "Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir".

"Dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir"

Prezident İlham Əliyev çıxışında ən əsas məqamlardan olan dünya ictimaityyətinin də Azərbaycan dövlətinin apardığı siyasəti dəstəklədiyini bildirib: "Beynəlxalq gündəliyimiz də çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə, dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik.

Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən, ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni bu, böyük nailiyyətdir. Mən tam səmimi deyirəm, bu təşkilatda yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır. Çünki təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər.

Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq".

Mükəmməl iqtisadi təhlillərə söykənən iqtisadi proqram

Bir sözlə, güclü iqtisadi təhlillərə söykənən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və elmi əsaslara söykənən iqtisadi proqram adlandırmaq olar. Ölkə başçısının son 16 il ərzində, bölgələrə davamlı şəkildə səfərlər etməsi və hər dəfə yerli sakinlərlə görüşü, bir daha təsdiq edir ki, ölkə vətəndaşları öz Prezidentinə daima inanır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur.

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamasına səbəb olur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə