Azərbaycanda xalçaçılıq sənəti yaşadılır

Azərbaycanda xalçaçılıq sənəti yaşadılır

"Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın". Bu fikirləri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olmuşdur. Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, köçəri həyat tərzi yaşayan insanların çadırlarında döşənək kimi istifadə olunan xalça, getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların həyatının ayrılmaz hissəsinə, istehsal fəaliyyətinin aparıcı növünə çevrilmişdir. Toxucular da estetik zövqlərini xalçalarda əks etdirməklə bərabər, öz dövrlərinin ümumi mənzərəsini toxuduqları xalçalara köçürürlər.

"ÖLKƏMİZDƏ 30-DAN ÇOX XALÇA FABRİKİ TİKİLMƏLİDİR"

Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilmiş, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılmışdır. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli nümunəsidir. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda, onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində, artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Qeyd etdiyimiz kimi, bu günlərdə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı oldu. Bu, artıq sayca 10-cu müəssisədir. "Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir" deyən Azərbaycan Prezidenti onlardan 10-nun istifadəyə verildiyinin diqqətə çatdırıb: "Növbəti illərdə isə, 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq".

"AZƏRBAYCAN DAHA DA GÜCLƏNİR, ÖLKƏMİZİN UĞURLU İNKİŞAFI TƏMİN EDİLİR"

Əlbəttə ki, bu fabriklərin açılması, xüsusilə, qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, Qəbələ filialı toxuculuq emalatxanasında müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı və bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Qəbələ şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Açılış mərasimində ölkə Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb: "Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin. Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük".

Dövlət başçısı belə fabriklərin yaradılmasının əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onu da bildirib ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər: "Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlər boyu yaşayıb".

Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması, ilk dəfə olaraq, məhz Azərbaycanda həyata keçirilir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və onların əsasında "Azərxalça"nın filiallarında xalçalar toxunmuşdur.

"Azərxalça"nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi" deyən dövlət başçısı bildirib ki, həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə, Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə