Heydər Əsədov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Heydər Əsədov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin.

Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.

1978-1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə