Çin səfərindən yaranan təəssüratlar və istəklər

Çin səfərindən yaranan təəssüratlar və istəklər

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səyahətə gedəcək nümayəndə heyətinin tərkibinə mənim də daxil olduğumu eşidəndə, çox sevindim. Uşaqlıqdan görmək arzusunda olduğum möcüzələr ölkəsinə səfərim birdən-birə, gözləmədiyim halda reallaşmışdı. (Yeri gəlmişkən, başda YAP-ın Sədr müavini - İcra katibi cənab Əli Əhmədov olmaqla, bu işə əməyi keçən hər bir şəxsə, mənə bu fürsəti yaratdıqlarına görə təşəkkürlərimi bildirirəm). İndiyədək Çində olmaq mənə müyəssər olmamışdı, indən sonra isə getməyim çox az ehtimal olunurdu. Bir sözlə, gözləmədiyim bir "şahlıq quşu" çiynimə qonmuşdu.

5 min ildən çox yazılı tarixi olan bu qeyri-adi ölkəni bizə ən çox tanıdan poeziyamızın peyğəmbəri Şeyx Nizami olmuşdu. Nizami babamızı dünyada məhşur edən, elə Azərbaycan ədəbiyyatına da dünyada şöhrət gətirən "Xəmsə"sinə daxil olan 5 poemadan biri "Yeddi gözəl" poemasında - Nizaminin 7 gözəlinin biri Çin qızıdır. Nizamidən çox sonra 1994-cü ildə Çini bizə bir də Ümummilli Liderimiz Heydər Əliyev kəşf etdi. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyev Çin Xalq Respublikasına müstəqil bir dövlətin başçısı kimi səfər edirdi. O zaman yenicə öz müstəqilliyinə qovuşmuş gənc respublika üçün dünyanın fövqəldövlətlərindən biri olan Çinlə iqtisadi və mədəni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edirdi. Səfərin yekunlarını ümumiləşdirən Ulu Öndər deyirdi: "Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdı. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük İpək Yolu" və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə, Azərbaycan Respublikası üçün böyük hadisədir".

O zaman Ulu Öndərlə Çinə gedən nümayəndə heyətinin tərkibində olmuş Xalq şairi Zəlimxan Yaqub öz məhşur "Çin qızı, Çin gözəli" şeirində deyirdi:

Mən indi başa düşdüm,

Niyə Nizami babam

Çin yazıb, Çin deyirmiş!

Mən indi başa düşdüm,

Niyə Füzuli babam

Sevgiyə din deyirmiş!

Mən indi başa düşdüm,

Nə üçün Molla Pənah

Çinu-Maçin deyirmiş!

Əvvəl babalar olub

İndi də mən heyranın

Çin qızı, Çin gözəli!

1998-ci il sentyabrın 8-də Bakıda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransın keçirilməsi Azərbaycan-Çin münasibətlərinin sonrakı inkişafında mühüm rol oynadı. Beləliklə, müstəqil Azərbaycanın həyatının bütün sahələrində olduğu kimi, Çinlə münasibətlərin də əsasını Ulu Öndərimiz qoymuş və onu Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. 2005-ci il mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına ilk rəsmi səfəri reallaşdı. Çin Xalq Respublikasının o zamankı sədri Xu Szintao bu səfəri iki ölkə arasında münasibətlərin tarixində mühüm hadisə kimi qiymətləndirirdi. 2006-cı ilin 19 oktyabrında Çin-Azərbaycan Dostluq Cəmiyyəti yaradıldı. 7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə oldu. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin-Azərbaycan əlaqələrinin inkişafının önəminin mühüm əhəmiyyəti kimi Çin Xalq Respublikasına Dövlət Səfərinə getdi.

Cənab İlham Əliyev həmin səfərdə Çin Xalq Respublikasının sədri Si Çinpinlə, Çin Xalq Respublikasının dövlət şurasının baş naziri Li Keqiyanqla, Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin (Parlamentin) sədri ilə Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafı naminə çox mühüm görüşlər keçirdi və mühüm dövlətlərarası sənədlər imzalandı. Sadalanan səfərlər və görüşlər Azətbaycan-Çin əlaqələrinin inkişafında hər biri mühüm rol oynamaqla, bu əlaqələrin sonrakı inkişafında həlledici əhəmiyyət kəsb etdi. Və nəhayət, 2019-cu il aprelin 24-də Çin Xalq Respublikasının Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Formunda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkəyə işgüzar səfərə gəldi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Onun dövlət başçısı kimi bu səfərini bundan əvvəlki səfərlərdən fərqləndirən əsas amil isə Onun bu fövqəlölkəyə "Bir kəmər, bir yol" meqa layihəsi çərçivəsində Çin Xalq Respublikasının rəhbəri Si Çinpinin dəvəti ilə gəlməsi idi. Yeri gəlmişkən, oxuculara "Bir kəmər, bir yol" layihəsi haqqında qısa məlumat vermək istərdim. Başlanğıcını Çinin qədim paytaxtı Sian şəhərindən götürən, tarixi 3 min ildən daha çox bir müddətə gedib çıxan İpək Yolu əslində, qeyd etdiyim kimi, təzə bir layihə deyil. Onu da qeyd etmək istəyirəm ki, hələ Si Çinpindən əvvəl İpək Yolunun bərpası layihəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüş və bununla əlaqədar, yuxarıda qeyd etdiyim kimi, 1998-ci ildə, məhz Heydər Əliyevin təşəbbüsü ilə bu layihənin bərpası üzrə Beynəlxalq Konfrans keçirilmişdir.

"Bir kəmər, bir yol" adlı Qədim İpək Yolunun bərpasının müasir tarixi dünyanın ən nüfuzlu siyasət adamlarından biri, böyük islahatçı, nəhəng dövlət xadimi, Çinin müasir simvolu, Çin Kommunist Partiyasının Baş katibi, Çin Xalq Respublikasının sədri, 2012-ci ildə Çin Xalq Respublikasının sədri olmuş Xu Tsizintaonun siyasi varisi, 2013-cü ilin martında bu vəzifələrə seçilmiş Si Çinpin Çində hakimiyyətə gəlməsi ilə başlanır: O, Çin Xalq Respublikası Avropa və Asiya ölkələri arasında iqtisadi, ticari və mədəni əlaqələrin qurulmasına yönəlmiş "Bir kəmər, bir yol" iqtisadi inkişaf konsepsiyasını elan edib. Bu konsepsiyaya əsasən, malların Şərqdən-Qərbə, eləcə də, Qərbdən-Şərqə güzəştli şərtlərlə və qısa zamanda daşınmasını nəzərdə tutur. Avrasiya məkanının 65-dən çox dövlətini əhatə edəcək, 1 trillion dollar maliyyə yükü olan dünyanın ən böyük layihəsinə təkcə Çin 110 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Qeyd etmək nə qədər xoşdur ki, nəhəng dünya miqyaslı bu layihəni əhatə edəcək dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan bu layihəyə qoşulan 4 MDB dövlətindən biridir. Azərbaycanın yerləşdiyi coğrafi məkan və mövcud infrasturktur, məhz ölkəmizin bu meqalayihəyə qoşulmasına imkan verir. Qeyd etməyi borc bilirəm ki, Azərbaycanın bu layihəyə qoşulması ölkəmizin şimalında və cənubunda yerləşən ölkələrin bu layihəyə qoşulmasına imkan yaradır. Belə ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən yeganə ölkədir. Həmçinin, ölkəmizdə yaradılmış mövcud nəqliyyat infrastrukturu bu layihəyə qoşulmağa imkan verir. Məhz Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi kursu yaradıcılıqla və yeni şəraitə uyğunlaşdırmaqla davam etdirən Cənab İlham Əliyevin cəsarəti və qətiyyəti sayəsində son illər Xəzər hövzəsində ən böyük limanın - illik gücü 25 milyon ton və bir milyon konteyner alan Ələt Dəniz Ticarəti Limanının tikintisi, böyük iradə, gərgin əsəb və zəhmət hesabına başa gəlmiş Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilişi, yeni avtomobil yolu infrastrukturlarının yaradılması, müasir sərhəd-keçid məntəqələrinin inşası və yaradılması, beynəlxalq təyyarə limanlarının istismara verilməsi, şosse və dəmir yolu şəbəkələrinin genişləndirilməsi və nəhayət, Xəzər dənizinin hüquqi statusunu həll edilməsi "Bir kəmər, bir yol" layihəsinin Azərbaycandan keçirilməsinə imkan verir və Azərbaycan üçün bu layihə nə qədər cəlbedicidirsə, Çin üçün də bir o qədər cəlbedicidir. Layihə haqqında fikirlərini bölüşərkən, İlham Əliyev demişdir: "Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin, müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün geniş imkanlar açır". Söhbətimizin bu yerində Çin haqqında bəzi məlumatları oxucularımızın diqqətinə çatdırmaq istərdim. Bu il oktyabrında 70 illik yubileyini qeyd edən müasir Çin Xalq Respublikası, əhalisinin sayına görə dünyada birinci, (1,4 milyard nəfər), sahəsinə görə (9599 milyon kv km) dünyada 3-cü, UDM-ə görə dünyada birinci, ordusunun sayına görə dünyada birinci, nüvə silahı olan kosmik orbitdə süni peyki dövrə vuran fövqəldövlətdir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin dünyada ən böyük həcmdə mal ixrac edən ölkədir və elə bu səbəbdən, "Dünyanın fabriki" adlandırılır. Çin bizim üçün təkcə "İpək Yoluna", iqtisadi qüdrətinə, qədim əlaqələrinə görə yox, həm də Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə əhəmiyyətli bir dövlətdir.

Yeri gəlmişkən, qeyd etməyi vacib hesab edirəm ki, Çində aparıcı siyasi partiya olaraq dövlətin idarə edilməsində həlledici rol oynayan Çin Kommunist Partiyası ilə Cənubi Qafqazın ən böyük və nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının çox isti və sıx münasibətləri var. Elə səfərimiz də Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 20 illiyi münasibəti ilə təşkil edilmişdi. Səfər müqayisəedilməz dərəcədə maraqlı keçdi. Təxminən, bir həftəlik səfər o qədər maraqlı və məzmunlu idi ki, sanki bir göz qırpımında keçdi. Hələ səfər başlamazdan əvvəl, belə bir fikirdə idim ki, səfər təəssüratları barədə qeydlər aparım. Lakin səfər başa çatdıqdan az sonra səfər yoldaşımız, Milli Məclisin üzvü, şair Musa Urudun səfər qeydlərini oxuduqdan sonra bu fikrimdən vaz keçdim. Musa müəllim qısa müddət ərzində, zəngin məlumat və təəssüratlarla dolu, hətta ən xırda detalları qeydə almaqla, son dərəcə maraqlı, bədii- publisistik bir material hazırlamışdı. Yazını oxuduqdan sonra mən Musa müəllimin müşahidə qabiliyyətinə heyran qaldım. Hesab edirəm ki, Musa müəllimin bu yazısı (əsəri) artıq kitab halında çıxdıqdan sonra istər çinşünaslar, istər tədqiqatçılar, istərsə də geniş oxucu kütləsi üçün maraqlı və qiymətli bir mənbə olacaqdır. Çində olduğumuz müddət ərzində gördüklərimizdən-eşitdiklərimizdən və şahidi olduqlarımızdan yəqin etdim ki, biz Çin haqqında bu ölkənin, bu xalqın tarixi, mədəniyyəti, adət-ənənəsi, bacarığı, qabiliyyəti, arzu və istəyi, davranışı, əxlaqı və s. çox az bilgiyə malikik. Çin haqqında ancaq çox az sayda olan çinşünaslar və Çinlə maraqlananlar müəyyən bilgiyə malikdir. Bizim də, əsasən, Şərq ölkəsi olduğumuzu nəzərə alsaq, elə sivilizasiyanın da Şərqdən, bir çox hallarda Çindən gəldiyini nəzərə alsaq, fikirləşdim ki, biz niyə Şərqə-gündoğana baxmırıq, niyə Şərqə boylanmırıq? Əgər üzü Nizamidən bəri babalarımız, şairlərimiz, tarixçilərimiz Çini öz yaradıcılıqlarında tərənnüm etdirmişlərsə, niyə biz, bütövlükdə, Avropadan böyük olan (bütün məsələlərdə) Çinə niyə boylanmırıq? Müşahidələr göstərir ki, ayrı-ayrı qurumlar səviyyəsində, habelə, özəl sektorda çalışan biznes strukturları səviyyəsinə münasibətlərin inkişafının dinamikası dövlət başçıları arasında münasibətlərin səviyyəsindən geri qalır. Sirr deyil ki, iqtisadiyyatı böyük sürətlə inkişaf edən Çin gələcəkdə günbəgün artan enerji və xammal mənbəələrini, ehtiyaclarını ödəmək baxımından Azərbaycana böyük maraq göstərir və Avrasiya məkanındaona maraqlı və etibarlı tərəfdaş kimi baxır. Azərbaycanın regionda zəngin karbohidrogen ehtiyatlarına, böyük nəqliyyat infrastruktur imkanlarına malik olması, ölkənin nəqliyyat-tranzit qovşağında yerləşməsi Çinin Azərbaycana olan marağını daha da artırır. İqtisadiyyatı sürətlə inkişaf edən, dünyanın aparıcı dövlətlərindən birinə çevrilən və birinciliyi hədəf götürən BMT Təhlükəsizlik Şurasında, beynəlxalq təşkilatlarında söz sahibi olan Çin də Azərbaycana xüsusi əhəmiyyət verir. Belə olan halda, hesab edirəm ki, biz bütün sahələrdə özümüzü həm də Avopanın əks istiqamətinə-Çinə yönəltməliyik. Səfər müddətində müşahidə etdiyim, təəssüf doğuran hallardan biri də ölkələrarası siyası münasibətlərin bu qədər yüksək səviyyəsi fonunda iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin qaneedici səviyyədə olmaması idi. Hətta bir çox sahələrdə hələ mən Orta Asiya ölkələrini demirəm, biz hətta qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə də geridə qalırıq. Artıq zaman yetişib, vaxt gözləmir, biz hamılıqla üzümüzü Çinə çevirməliyik. Fürsətdən istifadə edərək bir sıra təkliflərimi oxucularla bölüşmək istərdim.

1. Mənə elə gəldi ki, çinli iş adamlarının azərbaycanlı iş adamlarına olan inam və etimadı, hələlik, tam formalaşmayıb və iki ölkə arasında ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək üçün, hesab edirəm ki, ilk növbədə, ayrı-ayrı sturukturlar, qurumlar və iş adamları arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində çox iş görməliyik.

2. Çin bazarı o qədər nəhəng bir bazardır ki, Azərbaycanın qeyri-neft məhsullarını ixracını, bütünlüklə səfərbər etsək belə, Çin bazarında bir damla təşkil edər. Bu baxımdan, Çinə ixrac olunacaq malların siyahısını və həcmini tərtib edərək, elə həmin məhsulların istehsalını və ixracını təşkil etməklə, bazara giriş əldə etmək olar və bu, bizə çox böyük iqtisadi səmərə verər. Hesab edirəm ki, bu işlə ən yüksək səviyyədə Azərbaycan-Çin Hökümətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası məşğul olmalıdır. Ümumiyyətlə, mənim fikrimcə, İqtisadiyyat Nazirliyinin sturukturunda Çin Xalq Respublikası ilə iqtisadi əməkdaşlıq üzrə bir departamentinin, yaradılmasına, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nəzdindəki ticarət nümayəndəliyinin fəalliyətinə yenidən baxılmalıdır.

3. Hazırda Çindən Avropaya 3 marşrut üzrə, təxminən, 250 milyon ton civarında yüklər daşınır. Əgər biz dəmiryol infrastrukturumuzu yenidən qursaq, süni maneələri aradan qaldırsaq, qonşu ölkələrlə vahid tarif siyasəti tətbiq etsək, bu yüklərin 10%-nin daşınması Azərbaycan üzərindən həyata keçirə bilərik ki, bu da milyardlarla gəlir deməkdir.

4. Fikrimcə, Çin-Azərbaycan münasibətlərinin inkişafında mühüm məsələlərdən biri mütəxəssislərin hazırlığı məsələsidir. Bu işə xüsusi önəm verilməli, gələcəkdə böyük mütəxəssislər dəstəsi hazırlamaq məqsədi ilə istedadlı və bacarıqlı gənclərin, təhsilin bütün səviyyələrində Çinə təhsil almaq üçün gilməsi təşkil edilməli, lazım gələrsə, bu iş üçün xüsusi Dövlət Proqramı hazırlanmalıdır. Proqramda Azərbaycanda orta məktəblərdə Çin dilinin öyrənilməsi, Çin dili üzrə xüsusi dövlət və özəl orta məktəblərin yaradılması, bu işə çinli müəllimələrin və mütəxəssislərin cəlb edilməsi, adiyatı universitetlərdə çinşünaslıq üzrə ixtisas, fakültə və şöbələrin yaradılması, universitet tələbələrinin Çin Xalq Respublikasına adiyatı strukturlarında təcrübə keçməsi və s. məsələlər öz əksini tapmalıdır.

5. Ölkəmizdə çinli iş adamlarının sərmayəsini cəlb etmək məqsədi ilə Çin investorlarına Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu mühitinə yenidən baxmaq investiya qoyuluşunu artırmaq məqsədi ilə müəyyən güzəştlər müəyyənləşdirmək, Çin investisiyalı müəssisələrdə azərbaycanlı mütəxəssislərin və peşə sahiblərinin işləmələrinə şəraitin yaradılması.

6. Çin Kommunist Partiyası strukturlarının dövlət idarəliyində iştirakının öyrənilməsi, bununla əlaqədar, xüsusi tədbirlər planı tərtib edilməsi və həmin təcrübənin tətbiqi məsələsinə baxılması. Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında yaranmış yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, partiya struktuları və üzvləri arasında qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin intensivləşdirilməsi. İlkin mərhələlərdə ildə 2-3, sonrakı illərdə bir qədər də çox Yeni Azərbaycan Partiyasının istedadlı gənclərinin Çin Kommunist Partiyasının nəzdindəki Partiya Məktəbində, eyni zamanda, bir o qədər çinli gəncin Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında pulsuz təhsil almalarına şəraitin yaradılması. Hesab edirəm ki, Çinin yaxın gələcəkdə bütün sahələr üzrə dünyanın superdövlətinə çevriləcəyini nəzərə alaraq Azərbaycan və Çin münasibətlərini yüksək səviyyəyə qaldırmaq üçün uzunmüddətli xüsusi bir Proqramın işlənməsinə ehtiyac vardır.

Ramiz Göyüşov,

YAP Binəqədi rayon

təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə