"Sevgi Hüdud Tanımır" TƏDBİR - VİDEO-FOTOLAR

"Sevgi Hüdud Tanımır" TƏDBİR - VİDEO-FOTOLAR

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondu və Əlillərə və aztəminatlı aiələrə İctimai Dəstək Fondunun birgə təşkilatçılığı ilə "Sevgi Hüdud Tanımır" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman Ismayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev, Əlillərə və Aztəminatlı ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova və digərləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İlk çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fonduonun icraçı direktoru Mehman İsmayılov tədbir iştirakçılarını salamlayaraq söyləyib ki, Prezident İlham Əliyevin apardığı siyasət bütün sahələrdə özünü göstərir. O bildirib ki, əlillər cəmiyyətimizin döyünən ürəyidir: "Ölkəmizdə əlillərlə bağlı müxtəlif təşkilatlar, birliklər fəaliyyət göstərir. Mənəvi Dəyərlərin Təbliği Fondu da adından göründüyü kimi mənəvi dəyərlərin təbliği ilə məşğuldur. Bu gün dünyada müsbət proseslərlə yanaşı mənfi proseslər də baş verir. Mənfi proseslər fonunda xalqlar öz mənəvi dəyərlərindən uzaqlaşırlar. Bizim fondun fəaliyyəti bu prosesin qarşısını almağa dair xidmət göstərməkdir".

M.İsmayılov vurğulayıb ki, dünyada hüdud anlayışı nisbidir:"Elə insanlar var ki onun bütün əzaları yerindədir, amma cəmiyyətə faydası yoxdur. Elələri də var ki, onlar fiziki məhdudiyyətli olsalar da cəmiyyətə qat qat fayda verirlər".

Gülbəniz Bayramova çıxış edərək "Sevgi Hüdud Tanımır" layihəsinin əlillərə və aztəminatlılara həsr olunduğunu dilə gətirib: "Biz bugünkü tədbirlə yalnız bayramlarda, əlamətdar günlərdə deyil, hər zaman sizin yanınızda olduğumuzu göstərməyə çalışırıq. Əsas insanın fiziki deyil əqli cəhətdən sağlam olmasıdır. Ölkə başçısı tərəfindən fiziki məhdiyyəti olan insanlar, eləcə də aztəminatlı ailələrlə bağlı çox mühüm sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı mühüm və əhəmiyyətli işlər görülür. Ölkəmizdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, müavinətlərinin artırılması ilə bağlı inqilabi işlər həyata keçirilir. Əvvəllər əlilliyi olan şəxslərə o qədər də yaxşı baxmırdılar, amma ölkəmizdə bu sahədə həyata keçirilən treninqlər və tədbirlər nəticəsində bu baxışlar aradan qalxıb. Həyata keçirilən işlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fiziki məməhdudiyyətli şəxslərə göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olub. Bu gün fiziki məhdiyyətli insanların bütün sahələrdə uğurlarını görürük. Sizlər heç zaman qüsurlu olmağınız haqqında düşünməməli, cəmiyyətə yararlı olmağa çalışmalısınız".

Daha sonra Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Zülfüqar Qasımov əlillərimizin dövlət qayğısından bəhrələndiyini və bütün fiziki məhdud şəxslərin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini vurğulayıb.

Tədbirin davamında çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, bugünkü tədbir dövlət və cəmiyyət arasında bağlılığını təzahürüdür: "Azərbaycan dövlətinin əsas vəzifələrindən biri vətəndaşlara xidmət etməkdir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində də insan, vətəndaş amili dayanır. Dövlətimiz tərəfindən prioritet istiqamət kimi əlillərlə bağlı işlər görülür, fiziki məhdud şəxslərə protezlər, əlil arabaları pulsuz şəkildə verilir, onlara müxtəlif imtiyazlar tətbiq olunur. Bütün bunlar göstərir ki, dövlətin öz vətəndaşının, xüsusilə də fiziki məhdud insanların hər tərəfli təminatına maraqlıdır. Cəmiyyət çatışmazlıqları özü aradan qaldırdıqdan tam olur. Əgər bizlər fiziki çatışmazlıqları olanları tamamlaya biliriksə, demək istəyimizə nail ola bilmişik".

Tədbir naharla davam edib. Sonda tədbirdə iştirak edən fiziki məhdud şəxslərə ərzaq yardımı paylanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə