UNAİDS-in ölkə üzrə ofisinin rəhbəri: "Azərbaycanda illik HİV-ə yoluxma artır"

UNAİDS-in ölkə üzrə ofisinin rəhbəri: "Azərbaycanda illik HİV-ə yoluxma artır"
Azərbaycanda illik HİV-ə yoluxma artır. Bunu SİA-ya açıqlamasında UNAİDS-in Azərbaycan üzrə ofisinin rəhbəri Cəmilə Cərrahova deyib. O, qeyd edib ki, 1 yanvar 2011-ilin məlumatına görə, ölkə üzrə 2723 nəfər HİV-ə yoluxan şəxslər kimi rəsmi qeydə alınıb. Onlardan 2178-i kişi, 443-çü qadındır. QİÇS mərhələsində olanlar isə 700 nəfərdir. UNAİDS-ın əməkdaşı eyni zamanda Azərbaycanda bu günə kimi 354 nəfərin bu xəstəlikdən həyatını itirdiyini vurğulayıb: "HİV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir. 6 ildən 20 ilə kimi çəkə bilər ki, HİV özünü biruzə verə bilməsin. Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il orta hesabla 6-10 il davam edə bilər. HİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyətindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır. Zaman keçdikcə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara vərəm, pnevmosist pnevmoniya və bədxassəli şişlərə sarkoma Kapoşi, limfomalara qarşı insanın həssaslığı artır. Bu xəstəlik tarixən olub. Sadəcə diaqnostika üsulları vaxt keçdikcə təkmilləşib və bu xəstəliklə bağlı diaqnoz qoyulub. Bəzən ehtimal edilir ki, bu xəstəlik heyvanlardan insana keçib. Amma bu barədə dəqiq məlumat yoxdur. Azərbaycanda isə bu xəstəliyə ilk dəfə 1987-ci ildə də xarici vətəndaşda qeydə alınıb".

Hazırda Azərbaycanın 12 regionunda insanların pulsuz müayinəsini keçirmək üçün mərkəz olduğunu bildirən Cəmilə Cərrahova qeyd edib ki, 2009-cu ildə Azərbaycanda HİV-lə bağlı 388 min 774 insan yoxlamadan keçib. Bu isə ümumi əhalinin 4-4,5 faizinin yoxlamadan keçməsi deməkdir. UNAİDS-in ölkə ofisinin rəhbəri həmçinin Azərbaycanda rəsmi rəqəmlərə görə, 18 minə yaxın inyeksion narkoman olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə