Astarada doqquz ayın sosial-iqtisadi nəticələri müzakirə olunub

Astarada doqquz ayın sosial-iqtisadi nəticələri müzakirə olunub

Astara Rayon İcra Hakimiyyətində 2019-cu ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib. SİA-nın məlumatına görə, rayon icra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iclasda iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirib ki, oktyabrın 15-də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə geniş nitq söyləyən dövlət başçısı cari ilin doqquz ayında ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışıb.

Cənab Prezident bildirib ki, ölkə iqtisadiyyatının şaxələndirilmiş yolla inkişafının nəticəsi olaraq bu ilin doqquz ayında sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə edilib.

2019-cu ilin 9 ayı ərzində Astarada bütün sahələrdə müsbət nəticələr qazanılıb. Yerli gəlirlər 6 milyon 800 min manat icra olunmaqla 128 %, xərclər isə 4 milyon 390 min manat icra olunmaqla 83 % təşkil edib.

Ümumi məhsul və xidmətlərin həcmi 127 milyon manat olub ki, bunun da əsas hissəsi kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrinin payına düşür.

Hesabat dövründə Kijəbə qəsəbəsinin Qəcimardə ərazisində uzunluğu 2 km olan, 150 ev təsərrüfatını suvarma suyu ilə təmin edən su xəttinin çəkilişi, Ərçivan qəsəbəsində çəltik emalı zavodunun, Motalayataq kəndində tibb məntəqəsinin, Şəmətük kəndində 20 şagird yerlik, Dolu kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binalarının və uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasında, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün inşa edilən binalarda son tamamlama işləri aparılır. “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün 120 nəfərlik tamaşaçı tutumuna malik sahəsi 714 kvadrat metr olan basketbol meydançasının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir. Hazırda rayon ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə 36 mənzilli yaşayış binasının tikintisindən ötrü hazırlıq işlərinə başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində 9 ay ərzində 1425 yeni iş yeri açılıb ki, bunun da 828-i daimi iş yerləridir.

Rayon üzrə 420 hektar taxıl, 237 hektar sahədə çəltik əkini olub. Çəltik sahələrindən 928 ton məhsul yığılıb, rayon üzrə orta məhsuldarlıq 39.2 sentner olub. Son illərdə rayonda sitrus meyvələrinin istehsalına diqqət artmış, sitrus bağlarının ümumi sahəsi 4000 hektara çatdırılıb. Hazırda rayonun fermerləri və fərdi təsərrüfat sahibləri sitrus meyvələrinin yığımına başlayıblar. Rayonda ixtisaslaşdırılmış sahələrdən biri də çayçılıqdır. Mövcud 345 hektar çay sahəsinin məhsuldar olan 197 hektarından bu il 417 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib, yığım yekunlaşmaq üzrədir.

“Azərbaycan gəncliyi 2017-2021–ci illərdə Dövlət Proqramı”nın icrasının təmin edilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və orduya hazırlığı məqsədilə “Şahin”, “Sərhəd”, “Gənc xilasedici və yanğınsöndürən” hərbi idman oyunları keçirilib/

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balakişi Rəhmanov, Astara Elektrik Şəbəkəsinin rəisi Namiq Quliyev, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov və başqaları müşavirədə çıxış ediblər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet olan məsələlər gündəmdədir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə