Kadr islahatları daha uğurlu hədəflərə doğru

Kadr islahatları daha uğurlu hədəflərə doğru

Prezident İlham Əliyev: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"

Bu gün müstəqil Azərbaycan inkişafının ən qüdrətli dövrünü yaşayır. Məhz bu inkişaf bütün dünyaya örnək olan İlham Əliyev siyasətinin uğurlu nəticəsidir ki, GÜCLÜ DÖVLƏT-GÜCLÜ XALQ birliyi nəticəsində, getdikcə möhkəmlənir. Hər bir vətəndaş da dövlət siyasətində xalq-iqtidar vəhdətinin uğurlu nəticəsinin şahidi olur.

Sözsüz ki, hər bir ölkə uğurlu nəticələrə o ölkəyə rəhbərlik edən liderin düşünülmüş siyasəti nəticəsində nail olur. Bu gün Azərbaycanın son 16 ildə əldə etdiyi uğurlu iqtisadi nəticələr, məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində əldə olunub. Dövlət başçısı çıxışında da bildirib ki, hər bir ölkə nəticələrilə öyünə bilər: "Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o, biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də, həmçinin".

"Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır"

"Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbulu zamanı etdiyi çıxışında deyib.

Ölkə başçısı bildirib ki, hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində, ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var: "Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır".

"Mən xalqın dəstəyinə arxalanıram, xalqa güvənirəm"

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində, daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir. "Mən bütün azərbaycanlıların prezidentiyəm" şüarını gerçəyə çevirir.

Dövlət başçısı oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, Prezident kimi fəaliyyəti dövründə göstərilən heç bir təzyiqin aparılan siyasətə təsiri ola bilməz: "Bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində, keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından, biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik".

Bütün bunlar, bir daha sübut edir ki, aparılan islahatlar xalqın firəvan yaşayışına hesablanan uğurlu addım olmaqla, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır. Çünki Prezident İlham Əliyevin 16 illik prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub.

Kadr islahatları - inqilabi islahatların məntiqi davamıdır

Belə ki, dövlət başçısı 2018-ci ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində səsləndirdiklərini 2019-cu il üçün görüləcək işlərin bir növ, anonsu olaraq dəyərləndirmək mümkündür. Prezident İlham Əliyev həmin çıxışında ciddi islahatların aparılacağını, həmçinin, islahatların dərinləşəcəyini bildirərək, məsələni sırf vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılmasının vacibliyi kontekstində izah etmişdi. Bu gün aparılan islahatlar da ölkə başçısının andına və vədinə sadiqliyini bir daha göstərməklə yanaşı, həmçinin, bu islahatlar bu ilin əvvəlindən həyata keçirilən və yeni vüsət alan inqilabi islahatların məntiqi davamıdır.

Bir sözlə, Prezident İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHATdır, hətta islahata inqilabi yanaşma nümunəsidir, hakimiyyətin inqilabıdır və söz yox ki, bu inqilab, bilavasitə ölkəmizin, xalqımızın, gələcəyimizin daha möhkəm təməllərə söykənəcəyi gerçəkliyini, fakt olaraq, ortaya qoydu. Ölkə rəhbərinin, xüsusilə, gəncləşdirmə siyasətinin vacibliyini vurğulaması, həmin istiqamətdə əməli işlər həyata keçirməsi, qərarlar qəbul etməsi, eləcə də, nazirlik strukturları qarşısında kifayət qədər əsaslı şərtlər qoyması, həyata keçirilən islahatların bundan sonra da davamlı olacağı xəbərini verməkdədir.

Ən əsas məqam isə, Prezident İlham Əliyev dövlətin müvafiq strukturlarının rəhbərləri ilə görüşlərində bir əhəmiyyətli faktı hər dəfə xatırladır və vurğulayır ki, kimlərsə həyata keçirilən islahatlara biganə və etinasız yanaşırsa, həmin şəxslər barədə ölçülər götürülməli, ölkə başçısı şəxsən (!-R.H.) məlumatlandırılmalıdır. Dövlətin tətbiq etdiyi qətiyyətli islahatlar siyasətinə şəxsi maraqlarına görə kölgə salmağa çalışanlar, dövlətə, xalqa sədaqət andı içərək, sonradan xilaf çıxanlar, qəsdən xalqı hakimiyyətdən narazı salan insanlar dərhal öz layiqli cəzalarını almalıdırlar!

"Heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz"

"Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, bizim siyasi müstəqilliyimizin, o cümlədən, xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir: "Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən, siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün, əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır".

Dövlət başçısı, onu da vurğulayıb ki, bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır: "İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində, ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var".

"Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək"

Prezident İlham Əliyev bəzi dövlət məmurlarının öz şəxsi bizneslərini üstün tutduqlarını, daha doğrusu, haqsız rəqabət apardıqlarını da vurğulayıb: "Biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz. Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən.

Mən bilirəm, sizə nazir kimi, xüsusilə, Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan, bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək".

Əsl siyasət konkret, real iş görməkdən ibarətdir

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi, sözü ilə əməli tam üst-üstə düşür. Ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə, haqlı olaraq fəxr edə bilər".

Məhz xalqımız öz LİDERİNƏ arxalandığı üçün öz Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisinə doğru inamla irəliləyir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə