Naxçıvan Bölməsində tələbələrin elmə maraqlarının artırılması istiqamətində görüş keçirilib
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələri ilə görüş keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamını xatırladıb.
Alim təhsil və elmi müəssisələr arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib, hamiliyə götürülən tələbələrin elmə maraqlarının artırılmasında alim və ziyalıların üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, institut tərəfindən hamiliyə götürülən tələbələrlə müntəzəm görüşlərin, açıq dərslərin keçirilməsi nəzərdə tutulub.
Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində olublar. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Azərbaycan tarixşünaslığında arxeologiya elminin yeri” mövzusunda məruzə ilə çıxış edib. Zeynəb Quliyeva diqqətinə çatdırılıb ki, muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı tarixi Sərəncam əsasında 2006-2018-ci illərdə bu diyarda qədim abidələrimizin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir.
Sonda tələbələr muzeyin eksponatları ilə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB