Sevil Yusifova: “8 Mart Qadınlar Günü ərəfəsində qadın jurnalistləri bir çox sürprizlər gözləyir” - MÜSAHİBƏ

Sevil Yusifova: “8 Mart Qadınlar Günü ərəfəsində qadın jurnalistləri bir çox sürprizlər gözləyir” - MÜSAHİBƏ
Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın SİA-ya müsahibəsi:
- Bildiyiniz kimi, ötən il Prezidentin Ehtiyat Fondundan jurnalistlər üçün evlərin tikilməsinə 5 milyon manat vəsait ayrıldı və hazırda evlərin hazırlanması istiqamətində işlər aparılır. Siz bir jurnalist təşkilatı olaraq bu istiqamətdə hansı təşəbbüsü irəli sürmək niyyətindəsiniz?

- Ümumiyyətlə, jurnalistlər üçün tikilən evlərin kimlərə verilməsi ilə bağlı şərtlər KİVDF tərəfindən hazırlanır. Biz o şərtlərin elan olunmasını gözləyirik. Çünki bu işləri görmək birbaşa onlara həvalə olunub. Amma biz də Jurnalist Qadınlar Assosiasiyası olaraq qadınları təmsil etdiyimiz üçün bu şərtlər daxilində Azərbaycanda evsiz qadınların, tək anaların və yaxud uzun müddət jurnalistikada çalışan qadınların, mənzil şəraiti olmayan insanların bu siyahıda adlarının qeyd olunması, onların da evalma təşəbbüsü ilə çıxış edəcəyik. Sadəcə olaraq biz o şərtləri gözləyirik ki, bu iş hansı şərtlər daxilində həyata keçiriləcək. Sözsüz ki, biz də istəyirik ki, uzun müddətli stajı olan, hələ də mənzil problemləri həll olunmayanlar bu siyahıda öndə olanlardan olsunlar. Ən əsası isə peşəkar jurnalistlərin burada təmsil olunmasını arzulayardıq. Bu gün gündəlik qəzetlər, informasiya agentlikləri var ki, onlar mütləq ön sırada getməlidirlər. Biz də onların tərəfindəyik ki, peşəkarlar, mənzil problemi, acınacaqlı mənzil şəraiti olan insanlar mənzillə təmin olunmalıdır. Sözsüz ki, bu məsələdə stajlı jurnalistlərdən başlanmalıdır.

- Bugünki mətbuatın vəziyyətini necə qiymətləndirirsiniz? Sizə görə, bu gün Azərbaycan mətbuatı hansı səviyyədə inkişaf edir və nə kimi problemləri var?

- Bu gün ölkədə "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans keçirilir. Burada iştirak edən xaricilər də etiraf etdilər ki, Azərbaycanda mətbuata dövlət qayğısı, dövlət tərəfindən müxtəlif proqramlar və fondun yaradılması faktı qonşu dövlətlər üçün ən gözəl örnəkdir. Bunu xaricilər də təsdiq edir, çünki xaricdən baxan insanlar bunu çox gözəl görürlər. Hətta qardaş Türkiyədə səfərdə olarkən Azərbaycanda jurnalistlər üçün evlərin tikilməsinə Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldığını dedik və bundan sonra bir çoxları dedi ki, bəlkə gedib Azərbaycanda çalışaq. Hazırki durumda mətbuata dövlətin qayğısı hər an hiss olunur. Bunun isə inkişafa böyük təsiri var.
Amma bütün bunlarla yanaşı, mətbuatın özünəməxsus problemləri var. Ancaq bu problemlərin zaman-zaman həllini tapması mümkün olan məsələlərdir. Bu problemlər redaksiya daxilində, onların peşəkarlanması, işçi-redaktor arasında müqavilələrin bağlanması və sairə bu kimi məsələlər tənzimlənərək çox yaxın müddətdə öz həllini tapacaq.

- Sizin təşkilatınız tərəfindən jurnalistlər üçün pulsuz müayinələr təşkil olunur. Yaxın gələcək üçün bu istiqamətdə nə kimi layihələr həyata keçirəcəksiniz?

- Təbii ki, biz artıq 3 dəfə belə bir aksiyaya qoşulmuşuq. "Genofonumuzu qoruyaq" başlığı altında bu aksiyaları davam etdirdik. Birinci aksiyadan nəinki jurnalistlər, hətta sadə vətəndaşlar da yararlandı. Hepatitə qarşı aksiyada 3 minə yaxın insan iştirak etmişdi. Amma yaxın günlərdə aksiyaların ikinci bir hissəsini başlayacağıq. Sadəcə olaraq bu müddətdə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün xaricə getməli olduq. Cihan, TRT Türk telekanallarında, eyni zamanda Sakari, Marmara universitetlərində görüşlər keçirdik. İstanbulda yerləşən Azərbaycan Kültür Dərnəyində Xocalı faciəsi ilə bağlı böyük bir tədbirdə iştirak etdik. 14 ölkəni təmsil edən 48 jurnalistin iştirak etdiyi tədbirdə qonaqlara Xocalı faciəsi ilə bağlı hazırlanan diskləri, eyni zamanda Heydər Əliyev Fondunun bu faciə ilə bağlı hazırladığı filmləri yayımladıq. Bu arada müayinənin həyata keçirilməsi üçün işlərimizin rəsmi hissəsini həll etməli idik. Yəni, biz klinikalarla rəsmi müqavilələr bağlamalıyıq ki, onlar bu işə başlasınlar. Digər klinikalar arasında da bunlara qoşulmaq istəyənlər var. Biz düşünürük ki, jurnalistlərin kiçik cərrahiyyə müdaxilələrinin də pulsuz keçirilməsini həll edək. Yaxın günlərə bu haqda ictimaiyyətə geniş məlumat veriləcək. Sadəcə olaraq Xocalı faciəsi çərçivəsində görülən işlərlə bağlı bu məsələlər bir az uzandı.

- 8 Mart Qadınlar Günü ərəfəsində nə kimi planlarınız var?

- İlk növbədə sizin kollektivinizin timsalında bütün Azərbaycan qadınlarını, ölkənin birinci xanımını təbrik edirəm. Xocalıdan gələn analarımıza, Qarabağdan köçkün düşmüş və vətən həsrətində olan qadınlarımıza təbriklərimi çatdırıram. Arzu edirəm ki, onlar gələn il öz 8 mart bayramını öz torpaqlarında qeyd etsinlər. Jurnalist Qadınlar Assosisasiyası artıq 11-ci ildir ki, 8 martda qadınları unutmur. Bu il də həmin ənənəyə sadiq qalacağıq. Belə ki, 8 Mart Qadınlar Günü ərəfəsində "İlin qadın jurnalisti" mükafatları təqdim olunacaq. Qadın jurnalistlərə dəstək olan qurumlar simvolik olaraq diplomlarla təltif olunacaqlar. Hazırda bayram şənliklərinə iş gedir və bir çox jurnalistlər üçün sürprizlər edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə