Avantüraçı siyasətin sonu uğursuzluqdur

Avantüraçı siyasətin sonu uğursuzluqdur

Nikol Paşinyan öz yalanının qurbanına çevrilir

Yalan danışan heç vaxt əvvəl dediyi sözü yadında saxlaya bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan da hər gün yalan vədlər verməklə yanaşı, heç dediyi sözün mənasını anlamır. Bu da təəccüb doğurmur. Çünki küçə "demokratı" siyasətin mənasını anlamır və elə özünə layiq də sərsəm bəyanatlar verərək, başını cəncələ salmaqla yanaşı, oturduğu "kresloya" da "əlvida!" deməyin ömrünü qısaldır.

Bu yerdə N.Paşinyanın hələ deputat olanda, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov parlamentdəki çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur. Və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Daha sonra isə baş nazirin verdiyi bəyanatların və vədlərin yalan olduğunu təsdiqləyib. "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Lakin cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə, nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün onlar hələ də qalır" deyə parlamentin keçmiş vitse-spikeri vurğulayıb. Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək. Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır. Avropa İttifaqı ilə razılaşmanı təbliğ edirdi, indi isə, əksinə, onu tənqid edir. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlüyə qarşı çıxırdı. Bu gün isə, əksinə, bildirir ki, bu təşkilatlarda qalmaq, üzvlük vacibdir.

E.Şarmazanov başqa bir açıqlamasında hesab edir ki, Ermənistanın indiki rəhbərliyi hər sahədə əvvəlkindən geri qalır. Onun sözlərinə görə, indiki rəhbərlik, mütəmadi olaraq, cəmiyyəti müxtəlif düşərgələrə bölür: "Bundan əlavə, Paşinyan bu siyasəti tək Ermənistan daxilində deyil, eləcə də, Dağlıq Qarabağdakı rejimlə münasibətlərdə də nümayiş etdirir". E.Şarmazanov bu qənaətdədir ki, Paşinyan qisas hissi ilə alışıb yanır: "Əsas məramı separatçıların lideri Bako Saakyandan eks-prezident Robert Koçaryanı dəstəklədiyinə görə qisas almaqdır. Bu cür siyasət isə Bakı və Ankaranın dəyirmanına su tökmək deməkdir".

E.Şarmazanov Paşinyanı separatçı qurumu danışıqlar stolu arxasına cəlb etməməkdə ittiham edib. Keçmiş vitse-spiker hazırkı baş nazirin verdiyi vədlərin heç birinin reallaşmadığına da işarə edib: "Paşinyan bildirir ki, ölkəmizdə demokratiya inkişaf edir. Siz Allah, deyin görüm, hansı demokratiyadan söhbət gedə bilər ki, baş nazir məhkəmə binalarını ələ keçirməyə, hakimlərin işinə mane olmağa çağırır. Baş nazir hər dəfə deyir ki, bizim hakimiyyətin dövründə ölkədə totalitarizm hökm sürürdü. Axı ancaq bizim hakimiyyət dövründə əvvəlcə deputat oldu, sonra isə baş nazir. Məgər totalitar rejimdə belə şeylər mümkün ola bilərdimi?" Daha sonra o, baş naziri iqtisadi inqilab, yüksəlişin baş verəcəyi barədə verdiyi vədləri də yerinə yetirməməkdə günahlandırıb. "Baxın görün, nə baş verir? İnvestisiyaların həcmi azalıb, müəssisələr bağlanıb, işsizlik yüksək həddə çatıb. Paşinyanın yaxın ətrafını nəzərə almasaq, insanların vəziyyəti əvvəlki təkidir".

Paşinyanın ətrafı seyrəlir

Məlum olduğu kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və onun ardınca isə, Ermənistan Polisinin rəisi Valeri Osipyan tutduğu vəzifədən istefa vermələri, ardınca isə, iki baş müşaviri istefaya göndərməsi ölkədə yaranmış durumu daha da çətinləşdirib. Erməni mətbuatının məlumatına görə Arsen Qasparianı dərhal, Aram Qaribyanı isə sentyabrın 2-dən postunu tərk edib. Həmçinin, baş nazirin köməkçisi Mher Sahakyan da vəzifəsindən uzaqlaşdırılıb. Həmçinin, Ermənistan mətbuatının yazdığına görə, müdafiə naziri David Tonoyan da tutduğu postdan gedəcəyi də bildirilir.

İşğalçı ölkənin baş naziri iflic olduğunu etiraf etdi

Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan "Feysbuk"da canlı yayım zamanı eks-prezident Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışarkən bildirib ki, sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib.

N.Paşinyan onu da vurğulayır ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də Ermənistan üçün son dərəcədə ağır keçəcək.

Göründüyü kimi, işğalçı ölkənin baş naziri etiraf edir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olaraq qalacaqdır. Soruşmaq lazımdır: kimdir günahkar? Sözsüz ki, "küçə demokratı"nın uçuruma sürüklənən yararsız konsepsiyası.

Politoloqlar da ölkədə yaranmış bu vəziyyətin əsas günahı Paşinyanın hazırkı konsepsiyanın yararsız olmasında görür. Sözsüz ki, siyasi savadı olmayan küçədən ölkəyə baş nazir keçməsi, sonda bu nəticəni verməli idi.

Ermənistanı bu günə kimi dələduzlar idarə edib

İşğalçı ölkənin bir sıra politoloq və təhlilçiləri bildirirlər ki, Ermənistana rəhbərlik edənlərin hamısı eyni səviyyəli dələduzlardır. 2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxardı və hakimiyyətə gələn Nikol Paşinyan da bu qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib.

Ermənistanın bir sıra təhlilçilərinin sözlərinə görə, ölkə daxilində sosial-iqtisadi sahədə hələ də sanballı uğurların gözə dəyməməsi, immiqrasiya əvəzinə, emiqrasiyanın güclənməsi, son vaxtlar isə hökumətə qarşı, üstəlik, açıq etirazların baş qaldırması və ilk dəfə etirazçıların qanının tökülməsi Paşinyan iqtidarını, istər-istəməz, ictimai diqqəti daxildəki problemlərdən yayındırmaq zorunda qoyur.

Təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bəlkə bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz "siyasətində", danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu, baş vermir. Məhz buna görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini və ciddiliyini ortaya qoyaraq, bir daha xəbərdarlığını edir.

Paşinyanın debil sərsəm və işğalçı siması

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumilikdə, əndrəbadi siyasi "manevrləri" onun çox gerizəkalı olduğunun göstəricisidir. Bu fikri, ona görə deyirik ki, bu boşboğaz baş nazirin Azərbaycanın işğal olunmuş ərazisində Dağlıq Qarabağda ümumerməni oyunları kimi avantürist tədbirlərə qatılaraq, orada "Qarabağ Ermənistanındır, nöqtə" deməsi Ermənistanın daha tez uçuruma yuvarlanmasına təkan verdi. Çünki bütün dünya dövlətləri, o cümlədən, beynəlxalq siyasi və hüquqi təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Bu isə, beynəlxalq hüquq normalarına əsaslanır, enyi zamanda, BMT-nin də işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasına dair məlum dörd qətnaməsi, aydın şəkildə göstərir ki, Ermənistan işğalçıdır və Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək qaçılmazdır. Və Paşinyanın böyük qələti olan "Qarabağ Ermənistanındır, vəssalam, nöqtə" sərsəm bəyanatının bədəli də böyük oldu.

Paşinyanın böyük qələtinə Azərbaycan Prezidentinin "NİDA!" cavabı Nikolu nokaut etdi

İşğalçı və quduzlaşmış Paşinyan "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtinə Azərbaycan Prezidentinin "NİDA!" cavabı Nikolu, nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsində cavab olmaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla, dövlət başçısı bu məsələni bir daha təkrar çatdırdı: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".

Ancaq səbatsız və sərsəm Paşinyan hələ də "nida"nı anlaya bilmir, anlasa da, artıq gec olacaq. Bir məqamı da qeyd edək ki, vasitəçilər də torpaqların işğaldan azad edilməsinin başlıca məsələ olduğunu bilirlər. Sadəcə olaraq, problemin həlli üçün onların ayrı-ayrı açarları mövcuddur və bu açarlarla onlar bir-birinin qıfılını aça bilmirlər. Məhz Paşinyanın anlamazlığının real cavabı "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi Paşinyanın onurğasına vurulan ağır bir zərbə olaraq, birdəfəlik "nokaut" halına düşməsidir. Ən maraqlı məqam isə, Azərbaycan Prezidenti Qarabağ həqiqətini dünyaya Rusiya prezidenti Vladimir Putinin də dinləyicisi olduğu auditoriyadan bəyan edirdi. Çıxışdan bir gün qabaq isə, Rusiya xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanı "Qarabağ Ermənistanındır və nöqtə" fikrinə görə qınamış, belə mövqeyin sülh prosesinə fayda gətirmədiyini bildirmişdi.

Lakin rəsmi Moskva İlham Əliyevin analoji bəyanatına, daha doğrusu, kontr-cavabına ("Qarabağ Azərbaycanındır və nida işarəsi!") heç bir neqativ reaksiya bildirmədi. Bu da məntiqlidir. Çünki dünya birliyi, o cümlədən, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir və Ermənistan işğalçı kimi göstərilib.

Bu yerdə bir məqamı da vurğulamaq yerinə düşər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu günlərdə Qobuda köçkün qəsəbəsinin açılışı zamanı etdiyi çıxışında, bir daha Soçidəki tezisi təkrarlayıb. Bildirib ki, sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. "Dağlıq Qarabağ Azərbaycanındır, nida işarəsi. Vəssalam" deyə Prezident İlham Əliyev əzəli torpaqlarımızda ikinci saxta erməni dövləti qurmaq sevdası ilə yaşayan ermənilərin arzusunu həmişəlik basdırıb. Və oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tutarlı və diplomatik çıxışı isə Ermənistanın baş naziri Nikol Paşinyana növbəti sərt şillə oldu. Dövlət başçısı çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq, toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident, yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd edib. Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev 2016-cı ildə Ermənistanın İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidənin ucaldıldığını deyib. Vurğulayıb ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Məhz bu savadsızlığın nəticəsidir ki, Nikol Paşinyan "Valday Nidası"ndan ayılmamış, "Aşqabad şoku"nun təsirinə düşdü. Erməni mətbuatının yazdığına görə, "Valday" nokautundan sonra Azərbaycan Prezidenti bu dəfə Türkmənistanda da, MDB-nin sammitində N.Paşinyanı çıxılmaz vəziyyətə saldı.

Sözsüz ki, təcrübəsiz siyasətçi belə də edərdi: dərhal emosional bir cavab verər və bununla da, kifayətlənərdi. Ancaq Paşinyan küçədə etdiyi çıxışlarını baş nazir kürsüsündə də etməklə, özünü "güclü siyasətçi" hesab etsə də, nəticədə, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyası qarşısında ağır zərbəyə məruz qaldı.

Beləliklə, bu faktlar bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyev çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı ilə Ermənistanın həm Azərbaycanın ərazi bütövlüyü, həm də MDB məkanına aid olan digər istiqamətlərlə bağlı yürütdüyü siyasətin çox geridə qalmış və heç bir arqumentə söykənmədiyini bir daha əsaslandırdı. Bu, Prezidentin Paşinyan üzərindəki növbəti üstün həlledici zərbəsi, daha dəqiq desək, sərt şillə oldu.

Və hər dəfə Paşinyanın sərsəm bəyanatları, xüsusilə də, sonuncu böyük qələti olan "Qarabağ Ermənistanındır, vəssalam!" sərsəm bəyanatının bədəlinə cavab "NİDA!" olmalı idi. Məhz Ermənistanın son günlərdəki durumu onu bir daha göstərir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Və Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparmamalıdır. Çünki yekun eyni olacaq, daha dəqiqi, daha pis... Və Ermənistan da bu reallığı anlamalıdır ki, inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq!!!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə