YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. SİA xəbər verir ki, iclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonuncu iclasdan ötən müddətdə ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Ş.Hacıyev dövlətimizin başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı tarixi çıxışı zamanı səsləndirdiyi “Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin artıq bir şüara çevrildiyini və istər cəmiyyətin, istərsə də hər bir azərbaycanlının qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb. Təşkilatın sədri Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlətimizin başçısının proqram xarakterli çıxışının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, həmin müşavirədə dövlətimizin başçısı ölkəmizin bütün sahələrdə inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Artıq bu istiqamətdə mühüm islahatların həyata keçirilməsinə başlanıb və ardıcıl qətiyyətli addımlar atılır.

Ş.Hacıyev partiyanın hər bir üzvünün ölkəmizin siyasi həyatında mühüm hadisələrdən olan bələdiyyə seçkiləri ilə bağlı yüksək fəallıq nümayiş etdirmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, YAP Səbail rayon təşkilatı da bu mühüm prosesdə fəal iştirak etməlidir.

İclasda bələdiyyə seçkiləri ilə əlaqədar YAP Səbail rayon təşkilatının səlahiyyətli nümayəndələri təsdiqlənib və yaradılmış qərargahın üzvlərinin vəzifələri diqqətə çatdırılıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və bələdiyyə seçkiləri ilə əlaqədar ərazi ilk partiya təşkilatlarının da yüksək fəallıq göstərmələrinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə