“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans başlayıb

“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans başlayıb

"Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və "RUH" Azərbaycan Jurnalistləri Müdaifə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edir.

Konfransı açan Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) sədri, "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirdə Azərbaycan mediasının mövcud durumu, şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri, redaksiya müstəqilliyi və digər məsələlərlə bağlı çıxışlar dinlənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən yaradıldığını deyən JHİ sədri qeyd edib ki, layihəni Avropa İttifaqı maliyyələşdirir. O, layihənin 5 istiqamət üzrə həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə çıxışını Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən jurnalistləri xatırlamaqla başlayıb. MŞ sədrinin təklifi ilə həmin jurnalistlərin xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Jurnalistikada etik normalara əməl olunması, şəffaflığın təmini və bu kimi digər məsələlərin ilk dəfə beynəlxalq konfrans çərçivəsində müzakirə olunduğunu deyən Ə.Amaşov bildirib ki, konfrans keçirməklə Azərbaycan jurnalist təşkilatları və jurnalistlər arasında əməkdaşlığı genişləndirmək imkanı yaranıb. O, qarşıya çıxan problemləri birlikdə aradan qaldırmağın mümkün olduğunu söyləyib.

Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money Kyrie iddialı bir proqram həyata keçirdiklərini və Azərbaycandakı tərəfdaşları ilə dialoq qurmaq istədiklərini bildirib. O, region mətbuatı üzrə ekspert olmadığını desə də Azərbaycan mətbuatını bölünmüş, yəni hökumət və müxalifət mətbuatı kimi dəyərləndirib. Proqramın çətin və çox ciddi olduğunu söyləyən Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini bildirib ki, müstəqil peşəkar media ictimaiyyətinin formalaşması istiqamətində birgə işləmək vacibdir. O, korrupsiya, yoxsulluq, ayrı-seçkilik barəsində danışa bilən jurnalistikanın yaradılması üçün çalışdıqlarını qeyd edib. Oliver Money Kyrie bildirib ki, bu ortaq bir maraq məsələsidir.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında KİV-in azad və sərbəst fəaliyyəti üçün atılan addımların heç də hamı tərəfindən müsbət qarşılanmadığını deyib. O, bildirib ki, Azərbaycanda prüalist medianın formalaşmasının hökumət tərəfindən dəstəkləndiyini birmənalı şəkildə qeyd etmək olar: "Media ilə dövlət orqanları arasında əlaqələr qurulur və genişləndirilir. Bu əlaqələrin təkmilləşməsi üçün tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər isə cəmiyyətin mənafeyinə xidmət edir. Azərbaycan müstəqillik illərində çətin bir yol keçib, qarşıya müxtəlif problemlər çıxıb. Bu problemlərin aradan qaldırılmasında medianın üzərinə böyük iş düşüb və yenə də bu işlə məşğuldur. Azərbaycan hökuməti medianın inkişafına hərtərəfli dəstək verir. 1998-ci ildə senzuranın, daha sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması da dövlətin medianın işinə müdaxiləsinin qarşısını alıb".

Bu gün Azərbaycanda 4300-dən çox KİV və 50-dən artıq informasiya agentliyi müvafiq qurumlarda qeydiyyatdan keçdiyini deyən Ə.Məcidov kəmiyyət artımının heç də keyfiyyət artımını əks etdirmədiyini bildirib. Qeydiyyatdan keçən mətbu orqanların çox hissəsinin fəaliyyət göstərmədiyini deyən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini bunu KİV-in maddi-texniki bazasının zəifliyi və peşəkar kadrların çatışmazlığı ilə əlaqələndirib: "Bu istiqamətdə dövlət orqanları öz üzərinə düşən işləri görür. Lakin hələ görüləsi işlər çoxdur. Buna görə də müxtəlif tədbirlər həyata keçirərək problemləri aradan qaldırmağa çalışırıq. Mətbuatın işinin yaxşılaşdırılması, cəmiyyətin mənafeyinə uyğun şəkildə tənzimlənməsi üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək".

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

ATƏT-in Bakı Ofisinin təmsilçisi Jacqueline Carpenter tədbirin mövzusunun aktual olduğunu deyib və qeyd edib ki, müzakirə olunacaq məsələlər ifadə azadlığı və ATƏT-in öhdəlikləri baxımından da önəmlidir. O, Moskva və Kopenhagen sənədlərində də bu mövzunun yer aldığını dilə gətirib.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov da tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, ifadə azadlığı Avropa İttifaqı üçün mühüm dəyər hesab olunur. O, vətəndaş cəmiyyəti nümayəndələrinin hökumətlə konstruktiv əməkdaşlıq etməsinin vacibliyini də qeyd edib.

Daha sonra M. Ələsgərli "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi haqqında məlumat verib.

Açılış nitqlərindən sonra tədbir davam etdirilib. Tədbirin davam edəcəyi iki gün ərzində "Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar", "Şəffalıq konteksində hakimiyyət-media münasibətləri", "Media sahəsində redaksiya müstəqilliyi", "Mətbuatın özünütənzimlənməsində Mətbuat Şurasının rolu: Azərbaycan jurnalistləri davranış qaydalarına necə əməl edirlər" mövzularında sessiyalar təşkil ediləcək. Tədbirin sonunda Azərbaycan media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin müzakirəsi və imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə