Türkiyə səfirliyi mətbuat konfransı keçirib - FOTOLAR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin açılışında çıxış edən Türkyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral əvvəlcə jurnalistlərə dəvəti qəbul edib gəldikləri üçün təşəkkür edib.

Səfir daha sonra hazırda dünyanın xəbər gündəmində olan Türkiyə Ordusunun Suriyada başlatdığı "Barış Pınarı" hərəkatı haqqında fikirlərini bildirib. E.Özoral qeyd edib ki, Azərbaycan Türkiyənin həyata keçirdiyi hərbi əməliyyata əvvəlcədən dəstək verib və Azərbaycan cəmiyyəti də Türkiyə xalqının yanında olduğunu hər zaman bəyan edib: "Bununla Azərbaycan bizim həqiqətən də “bir millət, iki dövlət” olduğumuzu, Azərbaycan və Türkiyə xalqlarının ürəklərinin hər zaman bir döyündüyünü bütün dünyaya sübut edib".

Səfir Azərbaycan xalqına, dövlətinə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra səfir qeyd edib ki, Suriyanın şimalında terrorçuların məskən saldığını və Türkiyə dövlətinin buna göz yummayacağını bütün dünyaya elan etmişdik: "Suriyada 9 ildir davam edən vətəndaş müharibəsinin ağrısını Suriyadan sonra ən çox yaşayan ölkə Türkiyə olub. Bir tərəfdən sərhədyanı bölgələrimizdə təhlükəsizlik problemi yaşanmağa, terrorçuların Türkiyəyə hücum etmələri üçün Suriyada münbit şərait yaranmağa başlayıb. Bu terror hadisələrinə görə bir çox insanımız dünyasını dəyişib. Digər tərəfdən də Suriyadan qaçan insanları ən çox qonaq edən, onlara ən çox sığınacaq verən ölkə də Türkiyə olub. An etibarilə Türkiyədə 3 milyon 650 mindən çox suriyalı yaşayır. Bu günə qədər Türkiyəyə sığınan insanlara 40 milyard lirədən çox vəsait xərclənib. Bizə Avropa Birliyindən 6 milyard dollar həcmində maddi vəsait söz verilib, lakin bunun sadəcə 3 milyard dolları ödənilib. Bundan əlavə terrorla mübarizədə hər hansı bir dəstək göstərilməyib. Əksinə Türkiyənin cənubunda fəaliyyət göstərən terror quruplaşmalarına müttəfiqimiz olan bəzi ölkələr silah-sursat dəstəyi göstəriblər. Biz Türkiyə dövləti olaraq tez bir zamanda Suriyada sülhün yenidən bərqərar olmasının tərəfdarıyıq və dövlət olaraq Suriyanın torpaq bütövlüyünü tanıyır, həyata keçirdiyimiz sülh hərəkatlarıyla sərhədlərinin qorunmasına öz yardımlarımızı edirik".

Erkan Özoral bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Xarici İşlər Nazirliyinə "Barış Pınarı" hərəkatına rəsmən verdiyi dəstək bəyanatına və ümumilikdə bütün Azərbaycan xalqına Türkiyənin terrorla mübarizəsində verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Türkiyə səfirliyinin yeni təyin olunmuş mətbuat katibi Hüseyin Altınalan öz növbəsində qonaqları salamlayıb və Bakıya gəlməyindən məmnun olduğunu bildirib. Gələcəkdə Azərbaycan mətbuatı ilə görüləcək işlərdə uğurlar arzulayıb.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev və "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da tədbirdə iştirak ediblər.

Tədbir jurnalistlərin suallarının cavablandırılmasından sonra başa çatıb.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə