Asim Mollazadə: “Münaqişənin həlli Rusiyanın Cənubi Qafqazdakı nüfuzu baxımından da əhəmiyyətlidir”-Müsahibə

Asim Mollazadə: “Münaqişənin həlli Rusiyanın Cənubi Qafqazdakı nüfuzu baxımından da əhəmiyyətlidir”-Müsahibə

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin SİA-ya müsahibəsi:

- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü öncəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?

- Ermənistan danışıqlar prosesini pozaraq mövcud vəziyyəti, yəni işğalçılıq siyasətini davam etdirməyə çalışır. Sadəcə olaraq, Rusiyanın beynəlxalq nüfuzuna Ermənistan tərəfindən xələl gətirilir. Rusiya prezidentinin münaqişənin həlli ilə apardığı işlərdən Ermənistanın imtinası, danışıqlar prosesində müsbət nəticənin əldə olunmasına imkan verməməsi rəsmi Moskvanın nüfuzu üçün də təhlükəlidir. Hesab edirəm ki, Rusiya Ermənistana təsir imkanlarından istifadə etməlidir. İndiki halda Ermənistan üzərində heç bir təzyiq hiss etmir, özünü toxunulmaz hesab edir. Rusiyanın, eləcə də digər iri dövlətlərin işğalçıya münasibəti dəyişməsə, Ermənistanı sülhə məcbur etməsə, müsbət nəyəsə ümid bəsləmək olmaz. Ermənistan sülhə imkan vermir, bölgədə stabilliyi pozur.

- Rusiya qarşıdakı görüşdə malik olduğu imkanlardan istifadə edəcəkmi?

- Əlindəki imkanlardan istifadə etmək Rusiyanın maraqları baxımından da vacibdir. Bu Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun artırılması, həm də Azərbaycanla müvafiq sahələrdə əməkdaşlığı baxımından qazancı ola bilər. Rusiya münaqişənin həllindən ancaq qazana bilər. Ümid edirik ki, Rusiya bu imkanlardan istifadə etməyə çalışacaq.

- Ekspertlərin fikrincə, Soçi görüşündən sonra münaqişənin danışıqlar və yaxud hərb yolu həlli məsələsinə tam aydınlıq gələcək. Siz necə düşünürsünüz?

- Mən müharibə variantından danışmaq istəmirəm. Sadəcə olaraq bu danışıqlardan sonra müsbət nəticə əldə olunmazsa, beynəlxalq təşkilatlar təcavüzkarı sülhə məcbur etmək üçün atılacaq müvafiq addımların müzakirəsinə başlamalıdır. Fikrimi bir daha təkrar edirəm ki, müharibə müzakirə mövzusu olmamalıdır. Azərbaycan, həmçinin vasitəçilər və beynəlxalq təşkilatlar düşünməlidir ki, Ermənistanı necə sülhə məcbur etsin? Bunun yolları tapılmalı və həyata keçirilməlidir. Hesab edirəm ki, bu yolların içərisində Rusiyanın imkanları birinci dərəcəlidir. Sülh danışıqlarına hər hansı bir alternativ görmürəm. Düşünürəm ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.

- Üçtərəfli formatda keçirilən hər görüş öncəsi Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedev ilə görüşür. Bunu nə ilə izah etmək olar?

- Əlbəttə ki, bunu ilk növbədə Rusiya və Ermənistanın müttəfiqliyi ilə izah etmək olar. Ermənistan çoxdandır ki, müstəqilliyini itirib. Özünü müstəqil hesab edən Ermənistan çoxdandır ki, Rusiyanın vassalına çevrilib. Ermənistan Rusiyanın forpost ölkəsinə çevrilib, bu asılılıq nəinki siyasi, həm iqtisadi xarakter daşıyır. Bu baxımdan üçtərəfli görüşdən əvvəl Sarkisyanın Medvedevlə görüşü təəccüblü görünə bilməz.

- Bir müddət əvvəl Milli Məclisdə belə bir təklif səsləndi ki, Dağlıq Qarabağ münaqişəsinin parlamentin ayrıca iclasında müzakirə olunmalıdır. İndiki halda buna ehtiyac varmı?

- Azərbaycan prezidenti bilavasitə bu prosesin içindədir. İrəliləyiş yoxdursa, müzakirə üçün hər hansı bir mövzu yoxdursa, düşünürəm ki, bu cür müzakirələrə də ehtiyac yoxdur. Müzakirələri hansısa bir nəticə olanda, konkret müzakirə üçün mövzu olanda aparmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə