Astarada böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin insanın böyüklüyünə, onun gözəlliyinə, xalqın taleyinə və azadlıq arzularına həsr olunmuş şeirləri bu gün də dillər əzbəridir.

SİA xəbər verir ki, bu fikir Astara şəhərindəki Park-Bulvar Kompleksində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Yubiley tədbirində qeyd olunub ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlər keçirilir.

Həmin tədbirlərin davamı olaraq Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Astara Pedaqoji Kollecin tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri və Lənkəran Dövlət Dram Teatrının aktyorları böyük şairin qəzəllərini, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər.

Tədbir iştirakçıları həmçinin, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə