İlham Şaban: "Ərəb dünyasında baş verən hadisələr bunu göstərir ki, neftin qiymətində stabillik qısa zamanda bərpa olunmayacaq"-MÜSAHİBƏ

İlham Şaban: "Ərəb dünyasında baş verən hadisələr bunu göstərir ki, neftin qiymətində stabillik qısa zamanda bərpa olunmayacaq"-MÜSAHİBƏ
- Dünya bazarında neftin qiymətinin bahalaşması ərəb ölkələrində baş verən iğtişaşlarla nə dərəcədə əlaqəlidir?

- Neft stabillik sevən bir xammaldır. İstənilən neqativ informasiya və ya dünyadakı təlatüm neftin qiymətinə təsir edir. Ona görə ki, neft XX əsrdə də, XXI əsrdə də bir nömrəli enerji resursu olaraq qalır. Hal-hazırda ərəb dünyasında baş verən hadisələr bunu göstərir ki, bu proses qısa müddətdə səngiməyəcək. Yəni stabillik bərpa olunmayacaq. Tunisdə də, Misirdə də hakimiyyət dəyişikliyi oldu. Ancaq hələ də stabillik yoxdur. Livanın taleyi bəlli deyil, orada müxtəlif qruplar, tayfalar var. Hətta Qəddafinin getməsi o demək deyil ki, qısa zamanda bu stabillik yaranacaq. Liviyada qaçqınların sayı 100 mindən artıqdır. Dünəndən neft ixracı bu ölkədə tamamilə dayandırılıb. Neftayırma zavodları dayanıb. Liviya ümumiyyətlə, ildə 76-77 milyon ton neft çıxarır. Yəni bu ölkə çox böyük neft ölkəsidir. Və onların da yenidən geri qayıdıb işlərini bərpa etməsi vaxt alacaq. Bütün bu kimi proseslər başqa ərəb ölkələrində də başlayıb. Bütün bunlar onu göstərir ki, bunlar hələ yaxın vaxtlarda düzələsi məsələlər deyil. Neft birjaları 45 gün sonranın neftini satır. Hazırda aprelin nefti satılır. Bu proseslərin tənzimlənməsi də 2 ay çəksə, 1-ci yarım ildə mən hesab edirəm ki, neftin qiyməti 100 dollardan yuxarı olacaq.

Bu 100-dən yuxarı da, aşağı da olsa istənilən halda artıq o 90-dan aşağı olmayacaq. Azərbaycanın illik büdcəsi 60 dollardan hesablanmışdı. Azərbaycanın neft fonduna sırf neft ixracından Azərbaycanın mənfəət payı kimi gələn gəlir 15,6 milyard dollar olub. Bunu 90 dollarla hesablasaq, gəlir aşağısı 19-20 milyard dollar ətrafında olacaq. Bu artıq çox böyük bir rəqəmdir. Rusiya, Qazaxıstanla müqayisədə bizim neftdən gələn gəlir neft fonduna gəlir, birbaşa büdcəyə gəlmir. Büdcəyə parlamentdə baxıldıqdan sonra qəbul olunur. Mən onun tərəfdarıyam ki, neft fondundan gələn gəlirlər layihələr üzrə xərclənsin. Ola bilər ki, neft fondundan transferləri artırılsın və bunların hesabına tikinti, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər görülsün. Bu birbaşa inflyasiyaya təsir edən amillərdir. Ancaq inflyasiyaya təsir etməyən amillərdə var. Həmin neft fondundan 1,5 milyonluq təqaüdçünün tibbi sığortası prosesi həyata keçirilir. Bunun bazarla heç bir əlaqəsi yoxdur. Kartoçkalar verilir ki, hər bir insan ora 1000 manat qoyar, dövlət, kommersiya və digər yerlərdə bir il ərzində öz xərclərini ödəyə bilər. Azərbaycanda 100 min tələbə var. Məsələn, Moskvada hər tələbələrin öz kartı var, onlar hər kitabın alışına görə oxuduğu universitetin reytinqindən asılı olaraq 20-25% güzəşt əldə edilər. Bu da ölkədə bazara təsir etməyən amillərdən biridir.

- Bəs, qiymətin artımı yeni qlobal iqtisadi böhranın yaranmasına gətirib çıxara bilərmi?

- Amerika və Böyük Britaniyada neftin qiymətinin artmasının yeni qlobal iqtisadi böhrana yol açmasının artıq ilkin əlamətlərini bu cür izah edirlər. İnsan müəyyən məbləğdə əmək haqqı alır və onun 20%-ni özünün nəqliyyat xərclərinə sərf edir. Əgər yanacağın qiyməti qalxarsa, həmin insan məcbur olur ki, digər xərclərini azaltsın ki, özünün nəqliyyat xərclərini ödəyə bilsin. Əgər insanın bazarlıq xərcləri 100 dollar idisə, indi 80 dollar olacaq. Bu halda marketin ticarət dövriyyəsi də aşağı düşəcək. Əgər o məhsulun üstünə təxminən 10 % qoyurdusa, indi bunu avtomatik olaraq 15% artıracaq. Bu zaman qiymət qalxır. Qiymət qaldıqca alıcılıq qabiliyyəti azalır, alıcılıq qabiliyyəti azaldıqca isə vergilər azalır. O da azaldıqca stabil əmək haqqı almaq imkanı azalır. Bütün bunlar bir-birilə zəncirvari şəkildə əlaqədardır.

- Vergidə bir pəncərə sisteminin tətbiqi vergi ödənməsinə müsbət təsir edə bilirmi?

- Vergilərdə bir pəncərə sisteminin tətbiqinin zənnimcə, vergi ödənilməsinə heç bir təsiri yoxdur. Ancaq müəssisənin qeydiyyata alınmasına müsbət təsirlərini göstərəcək. Məsələn, 2006-2007-ci illərdə müəssisənin qeydiyyata alınması üçün 400 manat pul çıxırdı və 2 ay vaxt aparırdı. İndi isə 3 gün ərzində 10 manata yaxın xərc çıxır. Bu müsbət haldır. Ancaq vergi sistemində mənfi hal odur ki, yüksək vergi verənlə az vergi verən arasında heç bir fərq yoxdur. Büdcəyə 100 min manat vergi verənlə 10 manat vergi verən arasında heç bir fərq qoyulmur. Amerika kimi bir ölkədə trilyonlarla büdcə vergilər əsasında formalaşıb. Bu ölkədə vergi ödəyicilərinin siyahısı açıqdır və hər kəs bilir ki, ən yüksək vergi ödəyiciləri kimlərdir.

- Tarif Şurasında istehsal müəssisələri ilə yanaşı vətəndaş cəmiyyətinin, QHT nümayəndələrinin də iştirakının zəruriliyi barədə fikirlərə münasibətiniz necədir?

- Baxmayaraq ki, deyirlər, Tarif Şurasında vətəndaş cəmiyyətinin üzvləri də iştirak etməlidir, ancaq mən bunun əleyhinəyəm. Çünki cəmiyyətin, millətin üzvü öz nəfsini saxlamaya da bilər. Hansısa bir qurumun, şirkətin kooperativ maraqlarına uyğun qərarların qəbul edilməsində iştirak edə bilər. Məsələn, Avropa Enerji Komissiyasında Tarif Şurası Təmzimləyici Şura adlanır və bütün Avropa Birliyi ölkələrində 90-cı illərin ortalarından tənzimləyici orqan olub. Bu orqan ancaq parlamentə tabedir. Nə hökumətə, nə də prezidentə tabe deyil. Onların formalaşdırılması müsabiqə əsasında həyata keçirilir. 10-20 nəfər formalaşır, onların öz laboratoriyaları, orqanları olur və tənzimləyici orqan haqqında qanun olur. Məsələn, neft şirkəti əgər benzinin qiymətini artırmaq istəyirsə, həmin orqan qrup yaradır və o da gəlib vəziyyəti araşdırır. Neçədən alır, neçədən satır, maya dəyəri niyə belədir və s.

Azərbaycanda elektrik enerjisinin qiymətinin qalxması barədə dəfələrlə fikirlər səsləndirilir. Hər zaman demişəm ki, bunun iqtisadi əsası yoxdur. Bizdə elektrik enerjisinin maya dəyəri 2 qəpikdir. Bir klovat-saat elektrik enerjisinin qiyməti budur. Qiymət ona görə, belə aşağıdır ki, Azərbaycanda elektrik enerjisinin istehsalına 1,5-2 milyard dollar vəsait qoyulub. Yeni qurğular, mütərəqqi texnologiyalar elektrik enerjisinin qiymətini aşağı salır. 3,5 qəpiyə onu paylayıcı şəbəkəyə "Bakıelektrikşəbəkə"yə satır və burdan mənfəət əldə edir. "Bakıelektrikşəbəkə" isə 6 qəpiyə satır. Layihələri isə dövlət maliyyələşdirir. Beləliklə də bu qurum da mənfəət əldə edir. Ona görə, də elektrik enerjisinin qiymətinin qalxmasının iqtisadi əsası yoxdur.

Tənzimləyici orqanın işi isə belə olmalıdır. 3 ay müzakirə aparılmalıdır. Qərar mətbuatda dərc olunandan 30 gün sonra qüvvəyə minməlidir.

- Azərbaycanda kreditlərin verilməsində faizlərin yüksək olması barədə nə deyə bilərsiniz?

- Bizdə kredit sistemində çox qəribə bir tendensiya var. Bakıda qeydiyyatı olanla Bakıdan 30 km kənarda qeydiyyatı olan insan arasında fərq qoyulur və bu həmin insanın hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bakı şəhərində qeydiyyatı olmayanlara kredit verilmir. Halbuki, burada söhbət adi telefonun alınmasından gedir. Və ya torpaq girov qoyub bankdan kredit alırsansa, onlar deyir ki, regiondakı torpaq bizi maraqlandırmır. Maliyyə naziri Samir Şərifovun açıqlamalarına görə, Azərbaycanın 8 milyarda yaxın ümumi borcu var. Bunun 3,5 milyardı dövlət borcudur. Qalanı isə həmin bankların və digər təşkilatların xaricdən aldıqları kreditlərin burada satılmasıdır. Onlar 3%-ə xaricdən alırlar, təqribən 16%-lə isə əhaliyə verilir. Bunun arasında görün, neçə dəfə fərq var.
Məsələn Rusiyada vətəndaş avtomobil almaq istəyirsə, bu ona 5%-ə başa gəlir. Azərbaycanda isə kreditlə avtomobil almaq 20% ətrafındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə