Astara Sığaloni kəndində əhali ilə görüş

Astara Sığaloni kəndində əhali ilə görüş

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sığaloni kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

Sakinlər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə son illər Respublikada və rayonda aparılan quruculuq-abadlıq işləri, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərindən razılıqlarını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər. Əvvəlki görüşlərdə qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirdiyinə görə rayon rəhbərliyindən razılıqlarını bildiriblər. Qeyd olunub ki, kənddə fasiləsiz elektrik enerji verilişi təmin edilib. Sakinlər kəndə təbii qazın verilməsi, elektrik xətt təsərrüfatının təmiri, telefon xətləri və dirəklərinin dəyişdirilməsi, odun yanacağı ilə təmin edilməsi, avtobus dayanacağının quraşdırılması və digər məsələlər barədə təkliflər veriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirib.

Qeyd edib ki, elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənəcək. Bununla əalqədar artıq müəyyən işlər görülür. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır və bu işdə çətinliyimiz yoxdur.

Kəndin əsas problemi təbii qazın olmamasıdır. Bunun üçün dövlət proqramı qəbul olunub. Respublikanın bütün şəhər, qəsəbə və kəndləri sürətlə qazlaşdırılır. Bu cənab Prezidentin tapşırığıdır. Yaxın gələcəkdə qazlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq. Cənab Prezidentin ayırdığı vəsait hesabına rayonumuzun ən ucqar kəndlərinə yüksək səviyyəli avtomobil yolları salınmış, bu istiqamətdə işlər davam edir. Sığaloni kəndinin sakinləri də bu yollardan və rayonda həyata keçirilən digər sosial layihələrdən yararlanırlar.

Ölkəmiz böyük inkişaf yolundadaır. Azərbaycanımızın hər sabahı bu günündən daha da güclü olur. Respublikamızda çox böyük inqilabi işlər görülür.

İcra başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimizin daim diqqətində olduğunu, bunun gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss olunduğunu vurğulayıb.

Əlavə edib ki, Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə