18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. 28 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir.

Bu gün - 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür. 28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı.

Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi. 12 may 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə edilməsini nəzərdə tutan Bişkek Protokolu imzalandı. Atəşkəsin əldə edilməsindən sonra həm ölkə daxilində sabitliyin təmin olunması, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik danışıqların aparılması üçün real fürsət yaranmışdı.

"AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ, ÖZ MÜSTƏQİL DÖVLƏTİNİ QORUYACAQ, SAXLAYACAQ VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI ƏBƏDİ YAŞAYACAQDIR"

1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində, ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.

"Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır" deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı.

Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub- saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və Onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu, müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".

Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra, ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var".

"BİZ XALQIMIZIN MİLLİ MARAQLARINA ƏSASLANAN MÜSTƏQİL SİYASƏT APARAN MÜSTƏQİL ÖLKƏDƏ YAŞAYIRIQ"

Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi və logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır, bu layihələr siyasi vəziyyətə təsir edir və sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə, qitələri və ölkələri birləşdirir. Bütün bunlar, onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi-iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə məcburi köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər və minik avtomobilləri verilib.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də, bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər "Euravision" Mahnı Yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu, İslam Həmrəyliyi Oyunları və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadi gücə malik dinamik inkişaf edən ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın uğurlu inkişafı, bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda, uğur əldə etmək olar: "Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".

Bütün bu və ya digər amillər 28 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə