Uğurlu Azərbaycanımız uğrunda - ŞƏRH

Uğurlu Azərbaycanımız uğrunda - ŞƏRH

1992-ci il 16 oktyabr. Tariximizin yaddaşlarında həkk olunan tarixi gün. Xalqımızın, Azərbaycanımızın "Ölüm, ya qalım" dilemması qarşısında qaldığı tarixi gün. 1992-ci il 16 oktyabrda əgər bir qrup ziyalı "Səs" qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət etməsəydi, bu gün Azərbaycanımızın və xalqımızın taleyi necə olardı?

Müraciət XALQ-HEYDƏR birliyinin təcəssümüdür

Bu gün 1991-1993-cü illərin böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək, inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək, ölkəni böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək Ulu Öndər Heydər Əliyevə üz tutaraq müraciət etdilər və bu müraciətlə XALQ-HEYDƏR BİRLİYİni sübut etdi.

Bu, bir faktordur ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyəti heç zaman unudulmaz. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövrü. Hamımızın yadındadır ki, 1992-ci ildə hökm sürən ağır vəziyyət nəticəsində, ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 1992-ci il oktyabrın 16-da 91 ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyalıların müraciətinə cavabı, məhz "Səs" qəzetində dərc edilməsi, doğrudan da, bu qəzetin tarixində ən mühüm hadisələrdə biri kimi qiymətləndirərdim. Qeyd etmək lazımdır ki, bir qrup ziyalılarımızın bu addımı cəsarətli, xalqımızın və dövlətimizin xilası üçün atılmış addım olamaqla, Azərbaycan tarixində əhəmiyyətli rola malik oldu. Beləliklə də, vətənpərvər Azərbaycan ziyalılarının "Səs" qəzetinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin ziyalıların bu tarixi müraciəti, əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmasına dözməyən Ulu Öndər Heydər Əliyev dühası vətənin dar günündə xalqın imdad və kömək səsinə səs verdi. 24 oktyabrda mətbuatda DAHİ LİDER Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan "Yeni, Müstəqil Azərbaycan uğrunda" sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Böyük Şəxsiyyət Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin Sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyasının yaranması - çağdaş dövlətçilik tarixində yeni səhifə

Qeyd edim ki, YAP yarandığı gündən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında respublikada hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyətə başladı. Zəngin həyat yolu keçmiş YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini son 27 ildə tam təsdiqləyib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev çıxışlarında bildirir ki, hər bir partiya üzvü Ümummilli Lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik".

Bu gün xalqımız fəxr edir ki, Ulu Öndər Heydər Əliyev siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.

FƏRRUX HAQVERDİYEV,

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə