Aİİ-də Dövlət Müstəqilliyi Gününə həsr olunan konfrans keçirilib TƏDBİR

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə din təhsilinin tarixindən bəhs edib. Bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaranması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir. Ölkəmiz müstəqilliyini qazandıqdan – 70 il dini duyğuların istismar edilməsindən sonra, milli və dini dəyərlərin yenidən öz əvvəlki mövqeyini bərpa etməsi uğrunda bir çox addımlar atlılıb. C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir.

C.Məmmədov qeyd edib ki, din təhsili hər bir ölkə üçün vacib məsələlərdən biridir. Ailədə başlayan, məktəb və ali təhsil müəssisəsində, həmçinin yaşadığı mühitdə formalaşmağa davam edən hər bir gəncin dini-mənəvi dünyagörüşünə sahib olması vacibdir. Bütün dinlərdə təhsilə, biliyə və elmə yiyələnməyin əhəmiyyəti olduqca yüksək qiymətləndirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinə göstərilən diqqət və qayğıdan, təmsil etdiyi qurumun dini maarifləndirmə sahəsində gördüyü işlərdən bəhs edib. Bildirib ki, ölkə Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılması da dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində atdığı uzaqgörən addımlardandır.

AMEA Fəlsəfə İnstitutu Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsindən bəhs edib. Professor dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində və dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolundan, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu sahədə fəaliyyətindən danışıb. Sakit Hüseynov qeyd edib ki, hazırda gənclərin mənəvi təlim və tərbiyəsində dini təhsilin həyata keçirilməsi həlledici əhəmiyyətə malikdir. Dini təhsil bir insanın müəyyən dəyərlər sistemini, davranış fəaliyyətinin normalarını, ailədə, gündəlik həyatda, cəmiyyətdəki insanlar arasındakı əlaqəsini müəyyənləşdirir.

“Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusuna həsr olunan konfransda “История и современное состояние перевода библии и литургических текстов на удинский язык”; “Həyat bilgisi” dərsliklərində Məhəmməd Peyğəmbər”; “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dini təhsil”; “Qazax Müəllimlər Seminariyası və Bakı Dövlət Universitetinin timsalında Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsindəki fəaliyyətlər” mövzusunda çıxışlar dinlənilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə