Nazim Məmmədov: “Neftin gəlirlərini doğru-dürüst müəyyən etmək üçün dövlət büdcəsində qiymətin 80 dollardan götürülməsi düzgün olardı”- MÜSAHIBƏ

Nazim Məmmədov: “Neftin gəlirlərini doğru-dürüst müəyyən etmək üçün dövlət büdcəsində qiymətin 80 dollardan götürülməsi düzgün olardı”- MÜSAHIBƏ

İqtisadçı ekspert Nazim Məmmədovun SİA-ya müsahibəsi:

- Ekspertlər neftin bir barelinin 200 dollara qədər bahalaşacağı və nəticədə son 100 ilin ən ağır maliyyə böhranının baş verəcəyini bildirirlər. Neft qiymətinin artması maliyyə bazarları üçün nə vəd edir?

- Güman etmirəm ki, neftin qiyməti 200 dollara qədər qalxar. Orta Şərqdə qiyam baş verən ölkələr əsasən OPEK-ə üzvü ölkələrdir. Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon barelə qaldırıb. 2008-ci ilin böhranından sonra neft hasilatçısı və istehsalçısı olan ölkələr bir araya gəldilər və belə bir qərar gəldilər ki, neftin stabil qiymətinin olması həm istehsalçılar, həm də istehlakçılar üçün məqbuldur. Məqbul qiymət isə 70-80 dollar müəyyənləşmişdi. Böhrandan sonrakı iqtisadi yüksəliş neftə olan tələbatı artırdı və neftin qiymətinin 80-100 dollar arasında dövr etməsi gözlənilən idi. İndiki halda Liviyada baş verənlər hesab edirəm ki, daha çox neft bazarındakı treyderlərin spekulyativ addımlarından irəli gəlir. Qəddafinin özünü necə aparması bir qədər sual doğurur. Burada söhbət neft quyuların bombalanmasından da gedə bilər. Qəddafinin etirazçılara qarşı atacağı addımlar bir qədər proqnozlardan kənardır. Qəddafi aqressiv addımlar atsa, neftin qiyməti də qalxa bilər. Üsyanların qonşu dövlətlərə sıçraması da yaxşı heç nə vəd etmir.

- Neft qiymətlərinin artması hasilatçı ölkələrə nə verəcək?

- Bir şeyi yaddan çıxarmayaq ki, neft hasilatçısı olan ölkələrin əksəriyyəti neftçıxarmada istifadə olunan materialları Qərb ölkələrindən, istehlakçı ölkələrdən alır. Bu halda neftin qiyməti artacaqsa, neftin maya dəyərinə daxil olan həmin materialların qiyməti də artacaq. Güman edirəm ki, neft hasilatçıları ilə istehlakçıları arasında yeni bir anlaşma olacaq.

- OPEK-in özü neft qiymətlərinin müəyyənləşməsində hansı rol oynayır?

- OPEK-ə daxil olmayan bir çox ölkələr, məsələn Rusiya və digər ölkələr bu təşkilatın qarşısına qoyduğu məqsədlərə çatmaqda hər halda problem yaradırlar. Təşkilata daxil olmayan bir çox dövlətlər öz prinsipləri ilə hərəkət edirlər. Bununla belə OPEK kifayət qədər söz sahibidir, neftin qiymətini müəyyən həddə saxlamağa hər halda nail olur. Azərbaycan da OPEK-ə daxil deyil. Belə demək mümkünsə, təşkilatla centlmen sazişimiz var, qiymət və hasilat məsələsində addımlarımızı bu təşkilatla razılaşdıraq və ümumi hasilatçılara xas olan tədbirləri həyata keçirək. OPEK-in mahiyyətini azaltmaq niyyətində deyiləm. Hesab edirəm ki, OPEK ciddi oyun qaydaları müəyyən edən qurumdur.

- Məlum olduğu kimi, neftin bir barelinin qiyməti dövlət büdcəsində 60 dollardan hesablanır. Bu qiymətə, eyni zamanda 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması gözləniləndirmi?

- Məlum olduğu kimi, neftin qiyməti əsas iqtisadi proqnoz göstəricilərindən biridir. Bu ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürülməsi daha çox konservativ siyasətin nəticəsi olaraq müəyyən edilib. Bu qiymət müəyyən edilən vaxt isə neft istehsalçıları və hasilatçıları arasında ədalətli qiymət müəyyən olunmuşdu. Dövlət büdcəsinə yenidən baxılmasının təkcə, neftin qiyməti ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Vacibdir ki, neftin qiyməti də reallığa uyğun olsun. Onda gələn gəlirləri də dəqiq müəyyən etmək olar. Əsas məqsəd güman edirəm ki, yanvar-fevral ayında baş verən qiymət artımlarını önləmək xarakteri daşıyır. Qiymət artımından insanların əziyyət çəkməməsi üçün sosial təminata ehtiyacı olan insanların, o cümlədən büdcə təşkilatlarında çalışan insanların əmək haqqlarına yenidən baxmaq üçün hökumətə fürsət verilməlidir. Dövlət büdcəsində bu gəlirlər fonunda dəyişiklik olmalıdır. Bu baxımdan dövlət büdcəsinə yenidən baxılmasını bir fürsət kimi dəyərləndirirəm. Bu artımdan daha çox inflyasiyanın təsirini azaltmaq üçün istifadə edilə bilər. Cənab prezidentin həmişə dediyi kimi inflyasiya vətəndaşlarımızın artan gəlirlərini yemə çevirməməlidir. Güman edirəm ki, atılacaq addımlar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyacaq və təbii ki, neftin gəlirlərini doğru-dürüst müəyyən etmək üçün qiymətin 80 dollardan götürülməsi düzgün olardı.

- Neftin qiymətinin artması neft ölkəsi olaraq Azərbaycanda istehlak bazarına və ərzaq səbətinə hansı şəkildə təsir göstərə bilər?

- İstənilən halda idxaldan müəyyən qədər asılı dövlətik. Ölkəmizə gətirilən sənaye mallarının əksər hissəsi xaricdən gətirilir. Ərzaq məhsullarının idxalını 50 faizdən artıq hesab edirik, Statistika Komitəsi isə bunun 20-25 faiz həcmində olduğunu deyir. Marketlərə daxil olduqda isə ərzaq məhsullarının daha çoxunun xarici məhsullar olduğunu görürük. Daxili bazarda neft məhsullarının qiyməti tənzimlənir, buna görə də daxili bazarda daxili istehsalçılar üçün bir problem yaşana bilməz. İdxaldan asılı olduğumuza görə neft qiymətinin artımı təbii ki, qiymətlərin artımına gətirib çıxara bilər. Neft ölkəsi olaraq daha çox düşünməliyik ki, neftin maya dəyərinin aşağı salınması istiqamətində islahatlar aparılsın, Dövlət Neft Şirkətinin sosial öhdəlikləri bazar prinsiplərinə uyğunlaşdırılsın. Şirkətin həm idarə olunması, həm gələcək statusu ilə bağlı islahatlar davam etdirilməlidir. Şirkət hasilat və satışdan başqa qeyri-işlərlə məşğul olmamalıdır. Ona görə də, şirkətin daha da dinamik işləməsi üçün islahatları davam etdirməliyik. Bu digər iri vergi ödəyicilərinə də aiddir. Onların da idarə olunması ilə bağlı dəfələrlə təkliflərimiz olub.

- Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması məsələsi uzun illərdir ki, həll olunmamış qalır. Neftin qiymətindəki artımdan əldə olunan əlavə vəsaitlə bu problemi həll etmək olarmı?

- Əmanətlərin qaytarılmasında nə hüquqi, nə də iqtisadi problem var. Məsələnin cəmiyyətə düzgün təqdim olunmamasında problem var. Güman edirəm ki, bu daxili borc olaraq tanınmalıdır. Daxili borcun hədləri Milli Məclis tərəfindən müəyyənləşib və onların maliyyələşməsi çox asandır. Bunun üçün ayrıca bir qanunun qəbul olunmasına ehtiyac yoxdur. Nazirlər Kabineti nəhayət ki, bu məsələdə mövqeyini ortaya qoymalıdır. Müxtəlif ekspertlərlə müzakirələrimizdən belə bir nəticə ortaya çıxıb ki, vətəndaşlara qaytarılmalı olan 1,5 milyard manatın təxminən 7 il ərzində ödənilməsi həm iqtisadiyyatımızı stimullaşdırar, həm də dövlətin vətəndaşlar qarşısında borcu müəyyən oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə