YAP Yasamal rayon təşkilatında Çingiz Abdullayevlə görüş keçirildi

YAP Yasamal rayon təşkilatında Çingiz Abdullayevlə görüş keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında xalq yazıçısı, görkəmli detektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirildi. Görüşdə rayon təşkilatının fəalları, eləcə də, rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbə-gəncləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Çingiz Abdullayevin yaradıcılıq yoluna, yaradıcılıq görüşlərinə nəzər salaraq, bu günə qədər 194 əsərin müəllifi olaraq, böyük oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırdı. Qeyd etdi ki, əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunaraq, ən böyük tirajlarla nəşr olunub: "Azərbaycanda 130 kitabı nəşr olunub. Bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. "Dərdimə şərik ol", "İnsan ovu","Mavi mələklər" və başqa əsərləri ona dünya şöhrəti qazandırıb. Xidmətlərinə görə dövlətimiz tərəfindən bir çox mükafatlar, eləcə də, "Şöhrət", "Şərəf" ordenləri ilə təltif edilib".

Görüşdə çıxış edən Ç.Abdullayev yaracıcılığı ətrafında müəyyən məqamları iştirakçıların diqqətinə çatdıraraq, bugünə qədər əsərləri əsasında 10 filminin çəkildiyini, yaxın zamanlarda isə, 2 filminin çəkiləcəyini diqqətə çatdırdı. "Dronqo", "Məhkumlar", "Tərsinə çevrilən dünya" kimi filmlərinin dünyada şöhrət tapdığını söylədi. Qeyd etdi ki, 10-cu filmində baş rolu İlqar Muradov yaratmış və aktyor olmasa da, azərbaycanlının mövqeyini və fikrini ifadə etməyə nail olmuşdur. Əsərlərinin 32 dilə tərcümə olunduğunu dilə gətirən yazıçı gənclərə kitab oxumağın əhəmiyyətini və vacibliyini tövsiyə etdi. Bildirdi ki, o xalq ki, kitab oxumur, onun sivilizasiyası ola bilməz. Yazıçının cəmiyyətdə rolu, mövqeyi və gənc nəslin tərbiyəsində roluna da diqqət çəkdi. Görüşdə yazıçı əsərlərinin qəhrəmanlarından və onların taleyindən geniş söhbət açdı.

Görüşdə, Ç.Abdullayev tələbə-gənclərin çoxsaylı suallarını cavablandırdı.

Sonra YAP Yasamal rayon təşkilatı tərəfindən partiya sıralarına qəbul olunmuş 12 nəfərə üzvlük vəsiqələri təqdim olundu.

Sonda xalq yazıçısı iştirakçılara avtoqraflar verib və onlarla birgə fotoşəkillər çəkdirdi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə