"Müstəqil həyata sağlam inteqrasiya” layihəsinə start verilib FOTO

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinə start verilib. SİA-nın veridiyi məlumata görə, layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.

Layihədən Bakı şəhərində yerləşən 4 internat məktəbi və uşaq evlərində 150 - dən çox şagird faydalanacaq. Layihə iki hissədən ibarət olacaq.

1-ci hissə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən iştirakçılar arasından seçilmiş 30 nəfər gənclərin hər birinə psixi sağlamlığını və cəmiyyətdə psixo-sosial adaptasiyasını formalaşdırmaq üçün 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstəriləcək.

Layihənin 2-ci hissəsində ümumillikdə 150 nəfərdən çox gəncə layihə çərçivəsində təlim və seminarlar vasitəsilə, intelektual səviyyələrinin inkişaf etdirilməsi üçün oyunlar, dünyagörüşü və analitik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün həftəlik tapşırıqlar veriləcəkdir.

Seanslar bitdikdən sonra həmin müəssisələrdən məzun olmuş gənclər Şamaxı rayonunda 3 günlük düşərgədə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə